“EekadFacts” adlı internet resursuna aid sosial şəbəkə hesablarında guya Azərbaycandan hava yolu ilə digər ölkəyə silah daşınması barədə həqiqətə uyğun olmayan saxta məlumat yayılmışdır.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında deyilir.
"Bu, ölkəmizə qarşı qlobal dezinformasiya kampaniyasının növbəti nümunəsi olmaqla, heç bir reallığı əks etdirməyən təxəyyül məhsulu olan əsassız məlumatdır.
Qeyd olunan spekulyativ məlumatların istehsalı və yayılmasını nüfuzlu qlobal tədbirlərə ev sahibliyi edən Azərbaycan Respublikasının beynəlxalq imicinə zərər vurmağa, ölkəmiz barədə ictimai fikri çaşdırmağa yönəlmiş daha bir uğursuz manipuliyasiya cəhdi kimi qiymətləndiririk.
Vətəndaşlarımızı, beynəlxalq ictimaiyyəti bu tip aldadıcı məlumatların təsirinə düşməməyə və yalnız rəsmi mənbələrdən əldə olunan informasiyaya istinad etməyə çağırırıq", - deyə MEDİA-nın məlumatında bildirilir.