Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs Məmmədov Ceyhun İzzət oğlunun məhkəmə prosesində hökm oxunub.

"Unikal"ın məlumatına görə, dövlət ittihamçısı Rauf Malışov təqsirləndirilən şəxs Ceyhun Məmmədovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Zərərçəkənin nümayəndəsi təqsirləndirilən şəxsi bağışladığlarını, ondan heç bir şikayətlərinin olmadığını bildirdi.

Sonra təqsirləndirilən şəxsin vəkili çıxış edərək Ceyhun Məmmədovun Mayis Əliyevə qarşı heç bir quldurluq etmədiyini, soyğunçuluq cinayəti ilə cəza verilməsini, cinayət işinin qeyri-obyektiv apardığını söylədi. 

Təqsirləndirilən şəxs son söz nitqi ilə çıxış edərək qeyd edib ki, o Mayıs müəllimdən borc almağa gedib. Ona qarşı heç bir quldurluq etməyib. Mən soyğunçuluq etmişəm. 8-dən 12-ə olan maddə ilə ittiham olunmaq istəmirəm. 

Hökmə əsasən Ceyhun Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, Mayis Əliyev ifadəsində təqsirləndirilən şəxsi tanıdığını deyib:

"Təqsirləndirilən şəxsi tanıyıram. Mən vəkilliklə yanaşı ictimai birliyin sədriyəm. Buna görə də müxtəlif layihələr həyata keçirirəm. Məcburi köçkünlərə pulsuz hüquqi yardım göstəririk. Belə layihələrin birinin icrası zamanı təqsirləndirilən Ceyhun Məmmədov mənə yaxınlaşdı, bacısının işi üçün kömək istədi. Dedi ki, bacısı xalası oğlu ilə evlənib, sonra boşanıb. Aliment almaq istəyirlər. Mən ərizəni hazırladım. Hətta mənə dedi ki, bacım məcburi köçkündür, öz vəsiqəsini ala bilmir. O sənədin pulunu da öz cibimdən ödədim. Mənim ofisimə də gəlib. Ofisim yaşadığım evlə eyni binada yerləşir. Ondan sonra bir neçə dəfə əlaqə saxladı. Bu danışdıqlarım hadisədən 1 il qabaq olub".

Daha sonra zərərçəkmiş M. Əliyev hadisə barədə danışıb: "Hadisə günü yaşadığım binaya yaxınlaşıb, binanın mühafizəçisinə deyib ki, Mayıs müəllim məni çağırıb. Mühafizəçi də gətirib mənim evimə. Evdə tək idim, qapını açdım. Sonradan bunu tanıdım.

Mühafizəçi gördü ki, tanıyıram liftə mindi. Bu girdi içəri. İçəri girən kimi cibindən bıçağı çıxarıb mənə dirədi. Dedi ki, bacımı öldürüb bura gəlmişəm. Sən demə, məni qorxutmaq istəyirmiş. Bıçağı mənə dirəyib mətbəxə apardı. Orda iplə əlimi bağlayıb otağın ortasında kresloda otuzdurdu. Ütünün naqilini kəsib əllərimi bağladı. Sonra hardansa skoç tapıb ağzımı bağladı. Dedi ki, ölkədən çıxması üçün ondan 8 min manat istəyiblər, mən ona 10 min manat tapmalıyam. Dedi ki, tutulsam, özümü öldürəcəm. Sonra işlətdiyim telefonu çıxarıb üzümə tutdu, telefon açılandan sonra bank proqramında övladlarımın təhsil haqqları üçün yığdığım 8 min manatı gördü. O pulu hissə-hissə öz kartına köçürdü. Sonra gedib paltarlarımın cibini axtardı. Ordan da pul tapdı. Ümumi olaraq 11 min manat götürdü. Mənə dedi ki, təcili getməlidir. Paltarlarımdan da götürdü. Mənim əlim, ayağım və ağzım bağlı idi. Alnımdan öpdü, dedi ki, sən yaxşı adamsan, bağışla. İşarə ilə dedim ki, məni burax. Dedi ki, nömrə ver, 1 saat sonra yığacam, gəlib səni xilas etsinlər.

Bir bacım oğlunun, bir də həmin gün bizə gələcək bir nəfərnin nömrəsini verdim. Çıxıb getdi. Qapını arxadan bağladı, açarı üstündə saxladı. O gedəndən sonra ağzımı açmağa çalışdım. Ağzımı açandan sonra əllərimi açmağa çalışanda gördüm əllərim qaralıb. Ayağımı da açandan sonra pəncərədən küçədən keçən birini çağırdım. O da mühafizəyə deyib. Mühafizəçi gəlib məni xilas etdi. Gedəndə telefonlarımı gizlətmişdi deyə, mühafizəyə dedim bacım oğlunu yığsın. O gələndən sonra 102-yə məlumat verdi".

Qeyd edək ki, ittihama əsasən, 31 yaşlı Ceyhun Məmmədov Bakı Dövlət Universitetinin professoru, hüquq üzrə elmlər doktoru, vəkil Mayis Əliyevə evində hücum edib. Bank proqramı vasitəsilə onun kartında olan 8 min manatı öz kartına köçürüb. Bundan başqa, nağd pul və digər əşyaları götürərək evdən qaçıb.

Ceyhun Məmmədov barəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi açılıb.

Mayis Əliyev Vəkillər Kollegiyasının üzvü, Bakı Dövlət Universitetinin professoru, "Sosial hüquqların araşdırılması" İctimai Birliyinin sədridir.

Seymur Əli