Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev Rusiya Federasiyasının Həştərxan vilayətində keçirilən “Xəzəryanı Ölkələrin Universitetlər Assosiasiyasının və Elmi-tədqiqat mərkəzlərinin XXVI Baş Assambleyası”və “Xəzər dialoqu”adlı beynəlxalq forumda iştirak edib.
"Unikal" xəbər verir ki, tədbirin fəaliyyəti çərçivəsində baş tutan “Xəzəryanı ölkələrin iqtisadi və sosial-mədəni aspektlərində qlobal tendensiyalar: Şimal-cənub dəhlizində dünyəvi əlaqələrin inkişafı” adlı beynəlxalq elmi-praktik konfransda N.Quliyevin “Azərbaycanda multikulturalizm mühiti” adlı məruzəsi dinlənilib. Həştərxan Dövlət Universitetində isə müvafiq ixtisas tələbələri üçün təşkil edilən müzakirə saatının əsas məruzəçisi olub.
“Xəzəryanı Ölkələrin Universitetlər Assosiasiyasının və Elmi-tədqiqat mərkəzlərinin XXVI Baş Assambleyası” və “Xəzər dialoqu” adlı beynəlxalq forumun bağlanış günündə Xəzəryanı ölkələrin universitetlərinin professor-müəllim heyəti və tələbələrdən ötrü turizm marşrutlarının təşkili, turizmin inkişafına dair əhəmiyyətli layihələrin, o cümlədən sahil zonalarında ətraf mühitin qorunması proqramının işlənib hazırlanması üzrə təkliflər təsdiq edilib.
Beynəlxalq tədbirdə Rusiya Federasiyası, İran İslam Respublikası, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan və ümumilikdə 120 universitetdən nümayəndə heyəti iştirak edib.