Xəbər verdiyimiz kimi, büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb. Buna əsas səbəb Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə cavab tədbirlərinin görülməsi ehtiyacıdır.

Müqayisə etsək, Azərbaycanın artan müdafiə və təhlükəsizlik xərcləri Ermənistanın bütün dövlət büdcəsi xərclərinin 70%-nə bərabərdir. Bəs görəsən, müdafiə sahəsindəki artımlar hansı istiqamətləri əhatə edə bilər?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə "Unikal"a açıqlamasında bildirib ki, Ermənistan sürətlə silahlanmaqda davam edir. 

Deputat qeyd edib ki, bu ölkə ilə sülh müqaviləsi imzalanmayıb: "Ermənistanı silahlandırmaqda, onu yenidən militarist ölkə kimi saxlamaqda maraqlı olan xarici ölkələr və qüvvələr var. Belə olan halda Azərbaycan öz müdafiə qabiliyyətini zəiflədə bilməz. Ermənistanın hazırda aldığı silahlar müasir olduğuna görə, ona cavab tədbiri kimi Azərbaycan tərəfində ondan daha güclüsü olmalıdır. Bu baxımdan, müdafiə və milli təhlükəsizlik sahəsinə ötənilkindən daha çox vəsait ayırmaq lazım gəlir".

Artırılan vəsaitin hansı sahələri əhatə edəcəyinə gəlincə, A.Mirzəzadə bunun müdafiə sektronun özünün həll edəcəyi məsələ olduğunu söyləyib:

"Azərbaycan üçün vacib olan təhlükəsizliyimizin, müstəqilliyimizin, suverenliyimizin qorunmasıdır. Azərbaycan Silahlı Qüvvələri və təhlükəsizlik xidmətimiz bunu layiqincə yerinə yetirir".

Anar Kəlbiyev