Paytaxt və regionlarda elektrik şəbəkələrinin yenilənməsi işləri ilə yanaşı, “Azərişıq” ASC fermer və sahibkarların rahat fəaliyyəti, yaranan çətinliklərin aradan qaldırılması məqsədilə bölgələrdə mütəmadi görüşlər keçirir, onların fikirləri, təklifləri, tövsiyələri dinlənilir.

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən belə tədbirlərdən biri Salyanda baş tutub. Heydər Əliyev Mərkəzində keçirilən görüşdə 60-dək sahibkar və yerli sakin iştirak edib. Tədbirdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktor müavini İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, Şirvan RETSİ-nin (Regional Enerji Təchizatı və Satışı İdarəsi) rəisi Elnur Həsənov, KOBİA-nın (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) Salyan üzrə nümayəndəsi Anar Əhmədov, Salyan rayon İcra Hakimiyyəti Başçısının müavini Rəşad Cəbrayılov iştirak edib.

Görüş zamanı sahibkar və fermerlərə “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma və əsaslı təmir işləri barədə geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, dövlət başçısının tapşırıqları əsasında bu gün ölkənin ən ucqar dağ rayonlarında belə ötən əsrin 50-60-cı illərindən qalma elektrik şəbəkələri yeniləri ilə əvəzlənir. Müxtəlif gücdə yarımstansiyalar tikilir, müasir transformatorlar quraşdırılır. Müasir şəbəkələrin qurulması enerji itkisinin qarşısının alınması ilə yanaşı əhali və qeyri-əhali abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına hesablanıb.

Həmçinin, qurumun elektron xidmətləri barədə sahibkarlarla maarifləndici söhbətlər aparılıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciət etmə imkanları ətraflı izah olunub. Fermerlərin və yerli sakinlərin müxtəlif məsələlərlə bağlı sualları dinlənilib, qaldırılan bəzi problemlər yerindəcə həll edilib.

Qeyd edək ki, “Azərişıq” ASC nümayəndələri sahibkarlarla görüşləri ölkənin bütün regionlarında davam etdirirlər.