Bakı Mühəndislik Universitetində (BMU) Yeni Azərbaycan Partiyasının Xırdalan şəhər 40 saylı ərazi təşkilatı ilə birgə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə universitetin rəhbərliyi, müəllim-tələbə heyəti, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri və rəsmi şəxslər iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himninin səsləndirilməsindən sonra “Zəfər tarixi” adlı videoçarx nümayiş etdirilib.
Açılış nitqində BMU-nun rektoru Yaqub Piriyev Zəfər bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, bu qələbəni bizə yaşadan şəhidlərin qəlbimizdə əbədi yaşayacağını bildirib. Rektor Azərbaycanın 4 il öncə qazandığı parlaq qələbə nəticəsində regionda erməni faşizminə son qoyulduğunu, Prezident İlham Əliyevin bölgədə və dünyada yeni reallıq yaratdığını və bu reallıqla indi hamının hesablaşdığını diqqətə çatdırıb.
O vurğulayıb ki, həm 44 günlük müharibədə, həm də antiterror əməliyyatları zamanı yüksək dövlət əxlaqı və əsgər ləyaqəti nümayiş etdirən Azərbaycan bu gün regionda sülhün, təhlükəsizliyin və inkişafın əsas qarantıdır. İşğaldan azad olunmuş torpaqlarımızda tikinti-quruculuq və Böyük Qayıdış prosesinin başlandığını deyən Yaqub Piriyev Qarabağ və Şərqi Zəngəzurun sürətli dirçəlişini, məcburi köçkünlərin uzun həsrətdən sonra öz doğma yurd-yuvalarına qayıdışını görməyin hamı üçün qürurverici olduğunu sözlərinə əlavə edib.
Sonra şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova xalqımızın zəfərini 30 illik mübarizənin, 44 günlük müharibənin deyil, məhz əsrlərin qələbəsi kimi xarakterizə edib. Bildirib ki, adını tarixə şərəfli xalq və dövlət kimi yazan Azərbaycanın bu qələbəsi milli kimliyimizin unutdurulması üçün əsrlərlə aparılan təbliğata, torpaqlarımızı zaman-zaman bizdən qoparan ideologiyalara verilən tutarlı cavabdır. Şəhid anası Vətən torpaqları uğrunda canından keçməyi böyük fədakarlıq adlandıraraq, bütün şəhidlərin ölümsüzlük zirvəsinə ucaldığını deyib.
Bayram tədbiri universitetin Bədii yaradıcılıq bölməsinin hazırladığı ədəbi-bədii kompozisiya ilə başa çatıb.