"Qərbi Azərbaycan İcmasının fəaliyyətlərini yaxından izləyirəm. İcmanın ləyaqətli qayıdış layihəsi beynəlxalq hüquqa tamamilə uyğundur".

"Unikal" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə "Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfransda Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, bu məsələnin sadəcə torpaq məsələsi deyil, insanlıq amili olduğunu da nəzərə almaq lazımdır:

"Lakin Ermənistan hökuməti bu səmimi dialoq çağırışlarına reaksiya vermir. Cənubi Qafqaz 30 il böhran içində olub. Ermənistanın Qarabağı işğal etməsi böyük problemlərə yol açmış, faciələrlə nəticələnmiş, 1 milyondan çox azərbaycanlı qaçqın düşmüşdü. Lakin beynəlxalq təşkilatların sükutuna rəğmən biz ədalətin qələbə qazanacağına inanırdıq ki, belə də oldu. Azərbaycan Vətən müharibəsi ilə bayrağını Qarabağda dalğalandırdı. Türkiyə olaraq biz də bu müddətdə can Azərbaycanın yanında olduq. Sadəcə Azərbaycan bizim qardaşımız olduğu üçün deyil, haqlı olduğu üçün onu dəstəklədik. Bu yolda şəhid olanlara Allahdan rəhmət, qazilərə şəfa diləyirəm".

"Beynəlxalq hüquq Qərbi azərbaycanlıların problemlərinin həllində rol oynamalıdır. Azərbaycanın humanist davranışlarına adekvat cavab verilməlidir. Regional rifah üçün ən böyük hədəf davamlı sülh müqaviləsinin imzalanmasıdır. Bu istiqamətdə böyük yol qət edən Prezident İlham Əliyevin fəaliyyəti təqdirəlayiqdir. Təbii ki, Ermənistanın da bu xoşməramlı davranışlara adekvat cavab verməsi lazımdır", - deyə Çavuşoğlu əlavə edib.