Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilir. 

"Unikal" xəbər verir ki, dekabrın 11-də Qazax Rayon İcra Hakimiyyəti, Qazax Rayon Heydər Əliyev Mərkəzi və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” mövzusunda tədbir keçirilib.

Qazax Rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçıs Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin rəhbərliyi, müəllim və tələbələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, KİV nümayəndələri iştirak ediblər. 

Tədbir iştirakçıları əvvəlcə “Dahilər ölməz, əbədi yaşar!” başlıqlı kitab sərgisinə baxış keçiriblər. 

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.  Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən “Dahi şəxsiyyət” filmi nümayiş etdirilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, dahi şəxsiyyətin anım gününə həsr olunmuş tədbirin əhəmiyyətini vurğulayıb. Rayon rəhbəri Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, həyatını xalqının və dövlətinin işıqlı gələcəyinə həsr edən Ulu Öndər  Heydər Əliyevin mənalı ömür yolundan, siyasi fəaliyyətindən geniş söhbət açıb. İcra başçısı qeyd edib ki, Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Azərbaycan xalqı Heydər Əliyevi sevirdi, ona inanırdı, ona həmişə dəstək olurdu. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. 

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu Öndərin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. 

Tədbirdə Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Təhminə İsmayılova Ramiz Duyğunun “Karvan gedir”, Qazax Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdləri Banu Səmədli və Əli Səmədli “Ulu bir sərkərdə, ulu bir öndər”, “Bu xalq Heydər, bu xalq İlham deyir” şeirlərini səsləndiriblər.