2024-cü il 14 dekabr tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Əliyev Əliyar Yusif oğlunun Sumqayıt şəhəri, 42-ci məhəllədə qoyulmuş abidəsi önündə doğum günü tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, döyüş yoldaşları, şəhidimizin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qəhrəmanımızın abidəsi ziyarət olunub, gül dəstələri qoyulub. Şair Elburus Qayalı və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyi tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.

Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev bildirib ki, Birinci Qarabağ müharibəsində düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olub, 200 nəfərə yaxın ağır yaralanıb, 300-dən artıq rayon sakini əlil olub, 100 nəfərdən çox itkin düşüb. 11 nəfər Milli Qəhrəman adına layiq görülüb. Qeyd olunub ki, 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa edib. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başlayıb.

44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatıb. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazanıb və tarixi ədalət bərpa olunub. Şəhidlərimizin qisası alınıb, qanı yerdə qalmadı. 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar.

Digər çıxış edənlər Milli Qəhrəmanımızla bağlı öz xatirələrini bölüşərək qeyd etdilər ki, şəhidlərimizin xatirəsi daim əziz tutulur, həmişə diqqət mərkəzində saxlanılır, dövlətimiz bu gün Milli Qəhrəman və şəhid ailələrinin sosial problemi ilə yaxından maraqlanır, onların həllinə köməklik edir.