Polşa hökuməti İsrailin baş naziri Binyamin Netanyahunun Osvensim konsentrasiya düşərgəsinin azad edilməsinin 80-ci ildönümünü qeyd etmək üçün ölkəyə səfərinə icazə verib və Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs qərarına baxmayaraq onun təhlükəsizliyinə zəmanət verib.

"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə Polşanın Baş naziri Donald Tusk bildirib.

"Dünən günortadan sonra prezident (Polşa Andjey Duda – red.) BCM-nin qərarı ilə əlaqədar baş nazir Netanyahunun Polşada təhlükəsiz qalmasını təmin etməyi məndən xahiş etdi. Biz bir neçə gündür ki, belə bir həll üzərində işləyirik. Osvensimdə illik tədbirlərdə iştirak etməkdə maraqlı olacaq bütün qonaqlara təhlükəsiz qalmalarına zəmanət veririk, əlbəttə ki, bu, xüsusilə İsrail dövlətinin nümayəndələrinə aiddir”, - deyə Tusk qeyd edib. 

Bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu, indi isə İsrailin keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verib. Onlar insanlığa qarşı cinayətlər və müharibə cinayətləri törətməkdə ittiham olunurlar.