Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda (İsveçrə) keçiriləcək iqtisadi forumun iştirakçıları siyahısına daxil edilib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Dünya İqtisadi Forumunın 2025-ci ildəki illik iclası yanvarın 20-dən 24-dək keçiriləcək. 130 ölkədən 3000-ə yaxın nümayəndə və 350 hökumət başçısı iştirak edəcək.
Ölkə liderinin Davosda iştirak edəcəyi gözlənilir.
Həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın adı da bu siyahıya daxil edilib.
İlam Əliyevlə Paşinyanın Davos çərçivəsində görüşə biləcəyi də istisna edilmir. Xatırladaq ki, Prezident və baş nazir sonuncu dəfə 2024-cü il oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti çərçivəsində görüşüblər.
Dünya İqtisadi Forumunun 2025-ci il İllik Yığıncağı həyat standartlarını yaxşılaşdırmaq üçün artımın stimullaşdırılması, geosiyasi vəziyyətə cavab verilməsi və ədalətli, əhatəli enerji keçidinin idarə edilməsi daxil olmaqla, əsas qlobal və regional çağırışları nəzərdən keçirəcək. Forum dünyanın vəziyyəti haqqında düşünmək, əsas qlobal və regional çağırışları həll etmək və gələn il üçün prioritetləri müzakirə etmək üçün hökumət, biznes və vətəndaş cəmiyyətinin liderlərini bir araya toplayır. İllik Yığıncaq konstruktiv, gələcəyə hesablanmış dialoqların aparılması və dövlət-özəl sektor əməkdaşlığı vasitəsilə həll yollarının tapılmasına kömək etmək üçün platforma təmin edəcək.
Ağarza Elçinoğlu