Gəncə şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təşkilatçılığı ilə “A textbook of the diseases of animals” kitabının təqdimatı keçirilib.

"Unikal" xəbər verir ki, kitab epidemiologiya, virusologiya, mikrobiologiya və parazitologia elm sahələrini əhatə edir. Bu sahədə ingilis dilində nəşr edilən ilk dərs vəsaitidir.

Təqdimatda çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov baytar həkimlərin ölkənin qida təhlükəsizliyinin təmin olnumasında mühüm rol oynadığını qeyd edib. Təqdim olunan dərs vəsait haqqında danışan rektor kitabın tələblərin yeni məlumatlar əldə etməsində, müxtəlif elmi-tədqiqat işlərinin nəticələri barədə məlumatlara yiyələnmələrinə töhfə verəcəyini diqqətə çatdırıb.

Kitabın müəlliflərindən ADAU-nun Baytarlıq təbabəti fakültəsinin dekanı Şəlalə Zeynalova ingilis qrupları üçün nəzərdə tutulan dərsliyin vacibliyindən, tələbələr və digər bu sahədə çalışan mütəxəssislər üçün əvəzolunmaz vəsait olduğunu vurğulayıb.

Digər müəlliflər Vüsal Abbasov, Lətif Kərimli, Rüstəm Qasımov və Aytən Ağayeva nəşr olunan vəsait haqqında məlumat veriblər.

Çıxış edən Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov, Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev, Gəncə Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mahir Hüseynov və digər professor-müəllim heyəti dərsliyin müasir dövr üçün aktual olduğunu diqqətə çatdırıblar.