Ağstafa rayon Mədəniyyət Mərkəzində “20 Yanvar – Suverenliyə gedən yolun başlanğıcı” mövzusunda ümumrayon tədbiri keçirilib.
"Unikal" xəbər verir ki, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş nitqi ilə açan RİH başçısı bildirib ki, SSRİ-nin o zamankı rəhbərliyi Azərbaycanın istiqlaliyyət, suverenlik və azadlıq istəyini boğmaq məqsədi ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun hissələri tərəfindən xalqımız doğma paytaxtımızda böyük faciə ilə üzləşsə də, özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq, müstəqillik uğrunda mübarizliyini, sarsılmazlığını bütün dünyaya sübut etdi. Qanlı hadisədən dərhal sonra xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gələrək kəskin bəyanatla çıxış etmiş, bu qırğına görə Sovet rəhbərliyini qınamış, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırmışdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz işğal altında olan torpaqlarımızı azad edib ölkəmizin suverenliyini bərpa etməklə tarixi ədalət bərqərar olundu, eyni zamanda, bütün şəhidlərimizin qisası da alınmış oldu.
Digər natiqlər – mədəniyyət işçisi Oruc Mansırov, DSMF Ağstafa rayon şöbəsinin müdiri Asif Qəmbərov, DAİM Ağstafa rayon şöbəsinin direktor müavini Elvin Musayev, Qırılı kənd tam orta məktəbin müəllimi Gözəl Rzayeva, Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Leyla Bayramova milli müqavimət günündə xalqımızın iradəsinin sarsılmazlığı və mətinliyindən, milli qürur naminə müstəqillik və suverenlik uğrunda apardığı mübarizədən, ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış, xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazan Vətən övladlarının misilsiz fədakarlıqlarından bəhs ediblər.
Tədbir Qazax Dövlət Dram Teatrının aktyorları və məktəblilərin təqdimatında 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyanın nümayişi ilə davam etdirilib.