"İqlim dəyişiklikləri yalnız ekoloji təhlükəli bir proses deyil, həm də həyatımızın bütün sahələrinə təsir edən hadisə və hər birimiz üçün ciddi bir çağırışdır. Orta temperatur göstəricilərinin artması, ekstremal hava şəraiti, quraqlıq, daşqınlar, meşə yanğınlarının artması insanların sağlamlığına birbaşa təsir edən əsas amillərdən biridir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov TÜRKPA üzvü olan parlamentlərin Səhiyyə komitələri sədrlərinin ikinci iclasında çıxışı zamanı deyib.

O bildirib ki, ətraf mühitin çirklənməsinin təsiri nəticəsində yaranan tənəffüs sistemi xəstəlikləri, yoluxucu xəstəliklər, ürək-damar xəstəlikləri və digər xəstəliklər, xüsusilə uşaqlar və yaşlılar üçün daha təhlükəlidir. Türk dövlətləri olaraq regionda mövcud olan bu məsələlərə xüsusi diqqət yetirilməlidir.

“Səhiyyə sistemlərimizi iqlim dəyişikliklərinin təsirlərinə uyğunlaşdırmaq zərurəti yaranıb. Mövcud problemlərlə bağlı risklər nəzərə alınaraq adaptasiya planları hazırlanmalı, ekstremal şəraitlərdə tibbi infrastrukturun davamlılığı artırılmalı və tibb işçilərinin iqlim dəyişikliklərinə uyğun hazırlıq səviyyəsi yüksəldilməlidir. Bu istiqamətdə prioritet məsələlər arasında karbon dioksid emissiyasının azaldılması üçün ekoloji standartların sərtləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və yaşıl texnologiyaların tətbiqi xüsusi əhəmiyyət daşıyır”, - deyə komitə sədri qeyd edib.