Sinoptiklər tərəfindən əvvəlcədən verilən xəbərdarlıqlara görə, yaxın 3 gün ərzində ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti hökm sürəcək, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq.

"Unikal" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

O bildirib ki, ölkə ərazisində müşahidə olunan və gözlənilən qeyr-sabit hava şəraitini nəzərə alaraq, sinoptiklərin verdiyi xəbərdarlıqlara əməl edilməsi tövsiyəsi ilə bir daha vətəndaşlara müraciət edirik:

"Hava haqqında Milli Hidrometeorologiya Xidmətinin əvvəlcədən açıqladığı məlumatlara, xüsusən xəbərdarlıqlarla bağlı çağırışlara diqqət yetirilməli və gündəlik fəaliyyətdə mütləq şəkildə nəzərə alınmalıdır."

"Vətəndaşlara qeyri-sabit və küləkli hava şəraitində ehtiyatlı olmağı, hündür ağacların altında dayanmamağı, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamamağı, dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlaması səbəbindən sürücülərə hərəkət edərkən diqqətli və ehtiyatlı davranmalarını tövsiyə edirik.

Hər birimizin ehtiyatsızlığı müəyyən hadisələrə səbəb ola bilər. Xoşagəlməz halların baş verməməsi üçün ardıcıl olaraq verilən hava xəbərdarlıqlarına, çağırışlara və tövsiyələrə əməl olunması vacibdir”,- deyə o əlavə edib.

*** 12:34

Bakıda və Abşeron yarımadasında fevralın 8-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Unikal"a verilən məlumata görə, səhərdən yarımadanın bəzi yerlərində sulu qar yağacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2°-dək isti, gündüz 3°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq. Nisbi rütubət 70-75 % olacaq.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 2-6° şaxta olacaq. Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.