2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 56 saylı Şabran–Xaçmaz seçki dairəsindən Rəhimli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Muradov Rafiq Tofiq oğlu, Soltanov Heybət Bağır oğlu, Eminov İntiqam Xanbala oğlu, Rəhimli kənd sakini Meşəbəyov Ramiz Rza oğlu və digərləri 2025-ci il fevralın 5-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyası sədrinin hərəkətlərini mübahisələndirib, 19, 24, 52 və 53 saylı seçki məntəqələrində qanun pozuntularına yol verildiyini iddia etmiş, bu pozuntuların araşdırılmasını və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş ediblər.
"Unikal" MSK-ya istinadən xəbər verir ki, müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılıb.
Araşdırma ilə bağlı müraciət etmiş şəxslərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, qeydə alınmış namizədlər R.T.Muradov və H.B.Soltanovun araşdırmada iştirakı təmin olunub. Müvafiq qaydada xəbərdar edilsələr də, Komissiyanın iclasına gəlməyiblər.
R.T.Muradov, H.B.Soltanov, İ.X.Eminov və digərləri müraciətlərində 56 saylı Şabran–Xaçmaz seçki dairəsi dairə seçki komissiyası sədrinin həmin seçki dairəsi üzrə Rəhimli bələdiyyəsinə seçki keçirən məntəqə seçki komissiyalarının formalaşdırılması zamanı qanun pozuntularına və digər qanunazidd hərəkətlərə yol verdiyini, eləcə də seçki günü seçki məntəqələrində müşahidə aparılması zamanı onlara maneələr yaradıldığını, səsvermə günü bir şəxsin iki seçki məntəqəsində səs verdiyini, seçki qutularına birdən artıq bülleten atıldığını, səslər sayılan və protokol tərtib edilən zaman onların müşahidə aparmasına imkan verilmədiyini, tələb etsələr də tərtib olunmuş protokolların təsdiq olunmuş surətinin onlara təqdim edilmədiyini və digər qanun pozuntularının olduğunu iddia edərək 19, 24, 52 və 53 saylı seçki məntəqələri üzrə seçkilərin nəticələrini mübahisələndirmiş və həmin seçki dairəsi üzrə Rəhimli bələdiyyəsinə seçki keçirilən 19, 52 və 53 saylı seçki məntəqələri üzrə seçkilərin nəticələrinin etibarsız sayılmasını tələb ediblər.
Rəhimli kənd sakini Meşəbəyov Ramiz Rza oğlu müraciət edərək 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına etdiyi şikayətindən imtina etdiyi üçün ona münasibətdə araşdırmaya xitam verilməlidir.
Müraciətdə 56 saylı Şabran–Xaçmaz seçki dairəsi dairə seçki komissiyası sədrinin həmin seçki dairəsi üzrə Rəhimli bələdiyyəsinə seçki keçirilən məntəqə seçki komissiyalarının formalaşdırılması zamanı qanun pozuntularına və digər qanunazidd hərəkətlərə yol verdiyi iddia edilsə də, aparılmış araşdırma ilə həmin seçki məntəqələri məntəqə seçki komissiyalarının formalaşdırılması prosesində qeyd edilən seçki dairəsinin dairə seçki komissiyası tərəfindən seçki qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Belə ki, 56 saylı Şabran–Xaçmaz seçki dairəsi üzrə 65 məntəqə seçki komissiyasının, o cümlədən göstərilən bələdiyyəyə seçki keçirilən 4 məntəqə seçki komissiyasının seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq formalaşdırılması müraciətin həmin hissədə əsassız olmasını göstərən hal kimi qiymətləndirilməlidir.
Araşdırmada iştirak edən namizədlər R.T.Muradov və H.B.Soltanov səsvermə günü 56 saylı Şabran–Xaçmaz seçki dairəsinin Rəhimli bələdiyyəsinə seçki keçirilən seçki məntəqələrində baş verməsi iddia olunan qanun pozuntuları ilə əlaqədar bir ədəd DVD disk, həmçinin 19, 24, 52 və 53 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyası protokollarının surətlərini araşdırmaya təqdim ediblər.
Təqdim edilmiş DVD diskdə olan 5 videogörüntüyə namizədlərin iştirakı ilə baxış keçirilib və 24 saylı seçki məntəqəsində çəkilməsi iddia olunan həmin videogörüntülərdə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar müşahidə olunmayıb.
Müraciətə əlavə olunmuş 4 ədəd protokol surətinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 24, 52 və 53 saylı seçki məntəqələri məntəqə seçki komissiyalarının səsvermənin nəticələri haqqında protokollarının surətləri seçki qanunvericiliyinə uyğun olaraq tərtib edilib, müvafiq məntəqə seçki komissiyasının möhürü ilə təsdiq olunsa da, 19 saylı seçki məntəqəsi məntəqə seçki komissiyasının səsvermənin nəticələri haqqında protokolunun surəti seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib və təsdiq olunmadığından araşdırma obyekti olmayıb.
Dairə seçki komissiyasından Rəhimli bələdiyyəsinə səsvermə keçirilən seçki məntəqələri üzrə səsvermənin nəticələri haqqında 24, 52 və 53 saylı məntəqə seçki komissiyalarının rəsmi protokolları alınaraq həmin seçki məntəqələrində təsdiq edilərək müraciət etmiş namizədlərə və seçilməyən digər namizədlərə təqdim edilmiş protokolların surətləri ilə müqayisəli şəkildə araşdırılıb. Müqayisəli təhlil zamanı seçilməyən digər namizədlər tərəfindən araşdırmaya təqdim edilmiş protokol surətlərindəki məlumatlar məntəqə seçki komissiyalarının rəsmi protokollarındakı məlumatlarla tam eynilik təşkil etsə də, müraciət etmiş namizədlər tərəfindən araşdırmaya təqdim edilmiş protokollarda bəzi namizədlərə verilən səslərdə uyğunsuzluqlar müəyyən edilib.
Belə ki, müraciət etmiş namizədlər tərəfindən təqdim edilmiş 24, 52 və 53 saylı məntəqə seçki komissiyalarının protokollarının surətlərində bəzi namizədlərin topladığı səsləri əks etdirən rəqəmlərin sonradan dəyişdirilərək artırılması ehtimalı yaranıb.
Araşdırma zamanı səsvermənin nəticələri mübahisələndirilən seçki komissiyalarının sədrləri və üzvləri, həmçinin həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, seçilməyən digər qeydə alınmış namizədlər tərəfindən verilmiş izahatlarla səsvermə günü mübahisələndirilən seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntularının baş verməsi öz təsdiqini tapmayıb. Buna görə də 56 saylı Şabran–Xaçmaz seçki dairəsindən Rəhimli bələdiyyəsinə səsvermə keçirilən seçki məntəqələrinə münasibətdə müraciətin təmin edilməsi üçün hüquqi əsaslar yaranmayıb.
Şikayətçilər tərəfindən araşdırmaya təqdim edilmiş Seçki Məcəlləsinin 100.11-ci maddəsində nəzərdə tutulmuş qaydada məntəqə seçki komissiyası tərəfindən seçki subyektlərinə təqdim olunmuş səsvermənin nəticələri haqqında protokolun təsdiq olunmuş surətlərində bəzi namizədlərin topladığı səsləri əks etdirən rəqəmlərin dəyişdirilərək artırılması hallarının mövcud olmasına əsaslı ehtimallar yarandığından, Seçki Məcəlləsinin 112-1.6.4-cü və 112-1.6.5-ci maddələrinə əsasən, ehtimal olunan qanun pozuntusunun Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab olunub-olunmaması, habelə cinayət əməlinin ehtimal olunmasının müəyyən edilməsi üçün şikayətə əlavə edilmiş protokol surətlərinin Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq prokurorluq orqanına göndərilməsinə zərurət yarandığından həmin protokol surətləri Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməlidir.
Aparılmış araşdırma ilə 56 saylı Şabran–Xaçmaz seçki dairəsindən Rəhimli bələdiyyəsinə qeydə alınmış namizədlər R.T.Muradov, H.B.Soltanov, İ.X.Eminov və digərlərinin 5 fevral 2025-ci il tarixli 32 saylı müraciəti əsassız olduğundan təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 100.11-ci, 112-ci, 112-1-ci maddələrinə əsasən qərara alır:
1. 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 56 saylı Şabran–Xaçmaz seçki dairəsindən Rəhimli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Muradov Rafiq Tofiq oğlu, Soltanov Heybət Bağır oğlu, Eminov İntiqam Xanbala oğlu və digərlərinin 5 fevral 2025-ci il tarixli 32 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Müraciət etmiş şəxslər tərəfindən araşdırmaya təqdim edilmiş 56 saylı Şabran–Xaçmaz seçki dairəsinin Rəhimli bələdiyyəsinə seçkilər keçirilən 24, 52 və 53 saylı seçki məntəqələrində səsvermənin nəticələri haqqında protokolların təsdiq edilmiş surətləri araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilsin.
3. Rəhimli kənd sakini Meşəbəyov Ramiz Rza oğlu şikayətindən imtina etdiyi üçün həmin müraciət üzrə araşdırmaya xitam verilsin.
4. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
***
Həmçinin 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 85 saylı Füzuli–Ağcabədi seçki dairəsindən Sarıcalı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Hacıyev Fəxrəddin Mərkəz oğlu 7 fevral 2025-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 4 fevral 2025-ci il tarixli 8/19 saylı Qərarını mübahisələndirərək, seçki dairəsinin Sarıcalı bələdiyyəsi üzrə 50, 53 və 58 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab olunmasını və bu barədə qərar qəbul edilməsini xahiş edib.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış və bu barədə müvafiq rəy verilərək Mərkəzi Seçki Komissiyasının iclasında baxılıb.
85 saylı Füzuli–Ağcabədi seçki dairəsindən Sarıcalı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd F.M.Hacıyev müraciətində səsvermə günü həmin seçki dairəsi dairə seçki komissiyasının Sarıcalı bələdiyyəsinə seçki keçirilən 50, 53 və 58 saylı seçki məntəqələri üzrə total saxtakarlıq müşahidə olunduğunu, seçki qanununun tələblərinin aşkar və kobud şəkildə pozulduğunu, icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin müdaxiləsi nəticəsində seçkinin saxtalaşdırıldığını iddia edib.
Araşdırma ilə bağlı müraciət etmiş namizədlə əlaqə saxlanılıb, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırma və Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin olunub.
İddia edilən pozuntularla əlaqədar qeydə alınmış namizəd F.M.Hacıyevin şikayəti 85 saylı seçki dairəsinin dairə seçki komissiyası tərəfindən araşdırılıb, dairə seçki komissiyasının 4 fevral 2025-ci il tarixli 8/19 saylı qərarı ilə müraciət əsassız hesab olunaraq təmin edilməyib.
Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq icraat materiallarına əlavə edilmiş və təkrarən araşdırılıb. Müraciətin araşdırılması təqdim olunmuş icraat materiallarını əhatə edib.
Mərkəzi Seçki Komissiyasında aparılmış geniş, tam, hərtərəfli, obyektiv araşdırma zamanı namizədin mübahisələndirdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri, qeydə alınan digər namizədlər (sözügedən bələdiyyə üzrə liderlər siyahısında olmayan) tərəfindən verilən izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmayıb.
Aparılmış icraatla müəyyən edilib ki, 85 saylı Füzuli–Ağcabədi seçki dairəsinin dairə seçki komissiyası mövcud qərarla düzgün hüquqi nəticəyə gəlmiş, namizədin səsvermə günü baş verdiyi ehtimal edilən qanun pozuntuları ilə əlaqədar müraciətinə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxmış, o cümlədən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə əsaslandırılmış qərar qəbul edib.
Beləliklə, Sarıcalı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd F.M.Hacıyevin müraciəti əsassız olduğundan təmin edilməməli və 85 saylı Füzuli–Ağcabədi seçki dairəsi dairə seçki komissiyasının 4 fevral 2025-ci il tarixli 8/19 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 112-ci və 112-1-ci maddələrinə əsasən qərara alır:
1. 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 85 saylı Füzuli–Ağcabədi seçki dairəsindən Sarıcalı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Hacıyev Fəxrəddin Mərkəz oğlunun 7 fevral 2025-ci il tarixli 39 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 4 fevral 2025-ci il tarixli 8/19 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Hər iki qərarı MSK-nın sədri Məzahir Pənahov və katiblər - Arifə Muxtarova və Mikayıl Rəhimov imzalayıblar.