"Biz yaxın gələcəkdə heç bir perspektivi olmayan prosesə start veririk və bunu hamımız izləyirik". 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin "Hayastan" fraksiyasının deputatı Armen Rüstəmyan ölkənin Aİ-yə qəbulu prosesinin başlanması ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Bununla da özümüzü inandırmağa çalışırıq ki, bu proses bizim üçün faydalı olacaq, çox yaxşı nəticələr verəcək. Biz deyəndə ki, Ermənistan müxtəlif beynəlxalq strukturlardadır, onlar bir-biri ilə uyğun gəlmir, deyirlər ki, indi məsələ bu deyil.

Mahiyyət etibarı ilə biz müxtəlif strukturlarla işləməyin “həm-həm”ini “ya-ya da” ilə əvəz edirik. Bu, ciddi problemlər yaradacaq. CEPA Ermənistan üçün ən yaxşı formatdır və bu, geniş mənada bütün istiqamətlərdə hərtərəfli genişləndirilmiş tərəfdaşlığı təmin edir. Biz bu prosesi mahiyyət etibarı ilə yeni Aİ-yə üzvlük prosesi ilə əvəz etmək istəyirik", - deyə erməni deputat qeyd edib.

Rüstəmyanın sözlərinə görə, KTMT və Aİİ deyir ki, Aİ-yə girməyə başlamısınızsa, buradan da çıxmağa başlayın: "Axırda məlum olacaq ki, biz nə ora getmişik, nə də güclənmişik, biz sadəcə havada qalmışıq. Ya Avropa İttifaqı, ya da Rusiya deyəndə xalqı aldadırsınız. Bizim təhlükəsizlik zəmanətimiz Aİ deyil, Türkiyə olur. Siz mahiyyətcə xalqı Türkiyə ilə Rusiya arasında seçim qarşısında qoyursunuz". 

Ağarza Elçinoğlu