Müasir dövrdə təbii dildə yazılmış mətnlərin emalı ilə bağlı tədqiqatların sayının artması sözügedən sahədə aktual problemlərin öz həllini tapmasına rəvac verir.

"Unikal" xəbər verir ki, bu istiqamətlərdən biri də mətnlərin kateqoriyalara ayrılmasıdır. Mətnlər mövzu, sentimentallıq və yazı tərzinə görə müxtəlif kateqoriyalara bölünə bilər. Yazı tərzlərinə görə mətnlərin kateqoriyalara bölünməsi sənəd janrlarının identifikasiyası və mətnlərin müəlliflərinin tanınması üçün geniş istifadə olunur. Mətnlərin müəlliflərinin tanınması müəlliflərin mətnlərdəki yazı tərzlərinin – yazı stilistikalarının kəmiyyət analizi əsasında aparılır.

Dünya miqyasında aparılan bu tədqiqatlara Azərbaycanın müxtəlif elmi qurumları, o cümlədən AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) alimləri öz töhfələrini verir. İnstitutda 2024-cü il üzrə alınan mühüm elmi nəticələrindən biri də AMEA-nın müxbir üzvü, professor Kamil Ayda-zadənin rəhbərliyi altında “Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları” laboratoriyasının əməkdaşları elmi işçi Rüstəm Əzimov,  t.ü.f.d., dosent Elşən Mustafayev və mühəndis-proqramçı Sona Rzayeva tərəfindən icra olunan “Mətnlərin müəllifliyini tanıyan kompüter sistemi üçün maşın öyrənmənin müxtəlif üsulları – süni neyron şəbəkələr, dayaq vektorlar üsulundan istifadə edən riyazi modellər əsasında proqram təminatının işlənməsi” olmuşdur. Tədqiqatın əsas məqsədi Azərbaycan dilindəki mətnlərin müəlliflərinin tanınması məsələlərinin tədqiqi, həll alqoritmlərinin və kompüter sisteminin işlənilməsidir.

Mətnlərin müəlliflik analizi anonim və ya müəllifi mübahisəli bədii əsərin müəllifinin (xüsusilə, müəllif hüquqları ilə bağlı məhkəmə istintaqlarında), intihar məktublarının həqiqiliyinin yoxlanışında, kəşfiyyatda (məsələn, anonim ismarış və ya bəyanatların məlum bir şəxs tərəfindən yazılıb-yazılmadığının təyinində), zərərli kompüter proqramlarının (məsələn, kompüter virusları) müəllifinin müəyyən edilməsində, internetdəki bəzi mətnlərin (email məktubları, bloq yazıları, onlayn forum səhifələrindəki mətnlər) müəlliflərinin təyinində geniş istifadə olunur.

Tədqiqatda süni neyron şəbəkələrin struktur və parametrik identifikasiyası üçün istifadə olunmuş proqram modulları və alınmış nəticələr Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzindəki “Formaların tanıma sistemi” tətbiqi proqram paketinin təkmilləşdirilməsində istifadə olunmuşdur. İşin nəticələri Web of Science bazasına daxil olan 2 impakt faktorlu jurnalda və Scopus bazasına daxil olan 3 jurnalda çap olunmuşdur.

Bununla yanaşı,   2024-cü ildə AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) alimləri tərəfindən əsas elmi istiqamətlər üzrə müxtəlif mərhələlərdə tədqiqat işləri uğurla aparılmış və bir sıra mühüm elmi nəticələr əldə olunmuşdur.

İdarəetmənin nəzəri və tətbiqi problemləri istiqaməti üzrə alınan mühüm elmi nəticələrdən biri də AMEA-nın müxbir üzvü, professor Kamil Ayda-zadə, r.e.d., professor Vaqif Abdullayev, r.e.d., dosent Yeganə Əşrəfova və r.e.d., dosent Anar Rəhimov tərəfindən alınmış lokal və qeyri-lokal sərhəd şərtləri ilə verilmiş diferensial tənliklərlə təsvir olunan dinamik obyektlərə nəzərən parametrik verilmiş bəzi funksiyalar siniflərində tərs və optimal idarəetmə məsələlərinin ədədi həll üsullarına aid elmi nəticələr olmuşdur. Tədqiqat prosesində kompüter proqram təminatı hazırlanmış, çoxsaylı kompüter eksperimentləri aparılmışdır.

Praktikada belə məsələlər mürəkkəb strukturlu boru kəmərləri şəbəkələri ilə karbohidrogen xammalının nəqli proseslərinin idarə edilməsində, karbohidrogen xammalının yeraltı süzülmə prosesləri nəzərə alınmaqla quyular üzrə neftçıxarma rejimlərinin idarə edilməsində, regional ekoloji şəraitin monitorinqi və idarə olunmasında və digər tətbiqi məsələlərdə qarşıya çıxır.

İşin nəticələri Web of Science bazasına daxil olan 6 impakt faktorlu jurnalda və Scopus bazasına daxil olan 2 jurnalda çap olunmuşdur.

Həmçinin,  2024-cü ildə AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) İdarəetmənin nəzəri və tətbiqi problemləri istiqaməti üzrə alınan mühüm elmi nəticələrdən biri də r.e.d., professor Vaqif Abdullayev və r.ü.f.d. Vüqar Həşimov tərəfindən “Parabolik tip yüklənmiş diferensial tənliklər üçün yüklənmə nöqtələrinin optimal idarəetmə məsələsinin tədqiqi” mövzusunda alınmış nəticələr olmuşdur.

Tədqiqatın nəticələri isitmə məsələlərində istilik mənbələrinin hərəkətinin əks-əlaqəli optimal idarə edilməsi üçün istifadə edilmişdir. Tədqiqat prosesində alqoritmlər yaradılmış, tədqiq edilmiş məsələlərin ədədi həlli üçün kompüter proqram təminatı işlənib hazırlanmış və kompüter eksperimentləri aparılmışdır.

Belə problemlər, məsələn, kimya və neft-kimya sənayesində reaktorların istilik rejimlərinin idarə edilməsində qarşıya çıxır. İstilik mənbələrinin hərəkətinin idarə edilməsi metallurgiyada müəyyən bir forma və lazımi keyfiyyətdə məmulat əldə etmək və sonrakı emal üçün metalların ilkin termik hazırlanmasında geniş istifadə olunur.

İşin nəticələri Web of Science bazasına daxil olan 4 impakt faktorlu jurnalda və Scopus bazasına daxil olan 5 jurnalda çap olunmuşdur.

Bununla yanaşı, 2024-cü ildə AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) İdarəetmənin nəzəri və tətbiqi problemləri istiqaməti üzrə alınan mühüm elmi nəticələrindən biri də AMEA-nın müşaviri, akademik Telman Əliyevin rəhbərliyi altında t.e.d., professor Nailə Musayeva,  t.e.d., dosent Fəhrad Paşayev, t.e.d., dosent Qəmbər Quluyev və t.e.d., dosent Asif Rzayev tərəfindən icra olunan “Laylara əhəmiyyətli həcmdə suyun vurulması hesabına neft mayesinin hasilat quyularına sıxışdırılması və hasilatı mexanikləşdirilmiş ŞDNQ və EDN qurğuları vasitəsilə həyata keçirilən qurğularda baş verə biləcək qəzaların gizli dövrlərinin küy texnologiyaları əsasında diaqnostikasının ümumi metodu və sisteminin işlənib hazırlanması” olmuşdur.

Qərinələrlə istismar olunan neft mədənlərində neft-su qarışığının hasilat quyularına doğru sıxışdırılması  laya əhəmiyyətli həcmdə suyun mərkəzdən qaçma nasosları vasitəsilə vurulması  və  quyulardan çıxarılması ŞDN (Ştanqlı Dərinlik Nasos) və EDN (Elektrik Dalma Nasos) qurğuları vasitəsilə həyata keçirilir. Bu qurğularda baş verə biləcək qəzaların gizli dövrünün küy texnologiyaları əsasında diaqnostikasının ümumi metodu və SCADA sistemi işlənib hazırlanmışdır.

Tədqiqatda həmçinin, məhsuldarlığı aşağı, sululuğu yüksək olan neft quyularının neft-su nisbətini artırmaq məqsədilə səmərəli istismar rejiminin seçilməsinin mümkünlüyü və praktiki tətbiq yolları göstərilmişdir.  Bütün bu elmi yeniliklər uzun müddətdir istismarda olan neft mədənlərinin rentabelliliyinin yüksəlməsinə imkan yaradır.