Üçqat Olimpiya çempionu, Rusiya Xizək İdmanı Federasiyasının (FLGR) rəhbəri Yelena Vyalbe Kanadanın sanksiya siyahısına salınıb.
"Unikal" xəbər verir ki, Vyalbe dəfələrlə açıq şəkildə Vladimir Putinin hərəkətlərini dəstəkləyib və idmançıların Rusiya bayrağı olmadan keçirilən turnirlərdə iştirakına qarşı çıxıb. 2024-cü ildə o, Vladimir Putin üçün “partizan getməyə” hazır olduğunu bəyan edib, Yelena İsinbayevanı satqın adlandırıb və xizəkçilərin beynəlxalq turnirlərdə neytral statusda iştirakına qarşı çıxış edib.
Vyalbe, həmçinin "Londonun mərkəzinə ciddi bir bomba atmağa" çağırış edib, lakin sonra dediklərindən peşman olduğunu bildirib.
Qeyd edək ki, ümumilikdə Rusiyadan 33 fiziki və 44 hüquqi şəxs Kanadanın sanksiya siyahısına daxil edilib.