Martın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Bəsirətin Zəfəri” mövzusunda tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbir çərçivəsində Milli Məclisin deputatı Samir Vəliyevin “Bəsirətin Zəfəri” kitabının təqdimatı da olub.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmiş və təsdiq olunmuş Tədbirlər Planına əsasən il ərzində çoxsaylı yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur: “Müstəqil, hüquqi və demokratik dövlət olan Azərbaycanın aparıcı siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası tərəfindən də silsilə tədbirlər keçiriləcəkdir. “Bəsirətin Zəfəri” mövzusunda təşkil olunan bugünkü tədbirimiz də “Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkəmizin müstəqil inkişaf yoluna, möhtəşəm Zəfərimizin tarixi və ictimai-siyasi əsaslarına, nəhayət, yeni mərhələdə suveren Azərbaycanın qarşısında duran əsas hədəflərə nəzər salınması baxımından mühüm əhəmiyyət kəsb edir”.
Tahir Budaqov vurğulayıb ki, müasir dövrdə beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklər baş verməkdədir. Onun sözlərinə görə, qlobal kataklizmlər fonunda yeni geosiyasi reallıqların meydana çıxdığı – çoxqütblü dünya nizamına transformasiya prosesinin vüsət aldığı bir dönəmdə dövlətçilik maraqlarının qorunması olduqca vacibdir: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanaraq öz ərazi bütövlüyünü, 2023-cü ildə bir günlük antiterror əməliyyatı nəticəsində isə tam suverenliyini bərpa edərək keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan Respublikası da belə bir tarixi dövrdə son dərəcə aktual çağırışlarla qarşı-qarşıyadır. Siyasi sabitliyin və milli birliyin qorunması, davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, regionda daimi sülhə, etibarlı təhlükəsizliyə və çoxşaxəli əməkdaşlığa nail olunması bu baxımdan müstəsna əhəmiyyət daşıyır”.
YAP Sədrinin müavini müstəqil Azərbaycanın konstitusiya quruluşunun əsaslarının xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini vurğulayıb: “1993-cü il oktyabrın 3-də xalqın iradəsinin nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin milli maraqlara, dövrün tələblərinə və ictimai-siyasi reallıqlara uyğun həyata keçirdiyi siyasətin başlıca istiqaməti müasir - hüquqi və dünyəvi dövlət quruculuğu olmuşdur. İctimai-siyasi sabitliyin, vahid milli ideya - azərbaycançılıq ideologiyası əsasında vətəndaş həmrəyliyinin, milli birliyin təmini, ardıcıl siyasi-hüquqi islahatların reallaşdırılması, müstəqillik dövründə ilk parlament seçkilərinin keçirilməsi və müstəqillik dönəminin ilk Konstitusiyasının hazırlanaraq ümumxalq səsverməsi - referendum əsasında qəbul edilməsi Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin etmişdir. Prezident İlham Əliyevin Sərəncamında qeyd edildiyi kimi, Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır”.
O qeyd edib ki, ölkə daxilində məzmun və keyfiyyətcə yeni inkişaf mərhələsindən bəhs edərkən ilk növbədə Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin milli maraqlara cavab verən, demokratik dəyərləri, qarşılıqlı hörmət və etimad prinsipini özündə ehtiva edən siyasətini ardıcıl islahatlarla dövrün tələblərinə uyğun zənginləşdirərək ölkəmizin Cənubi Qafqaz regionunda və daha geniş coğrafiyada nüfuzunu daha da artırmasını xüsusi vurğulamaq gərəkdir: “Son bir il ərzində keçirilmiş prezident, parlament və bələdiyyə seçkiləri Azərbaycan xalqının Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasətinə birmənalı dəstəyinin növbəti təzahürü olmuşdur. Bu gün xalqımız milli məsələlərdə qətiyyətli birlik və həmrəylik nümayiş etdirir, vahid yanaşma və prinsipial mövqe ortaya qoyur, milli təhlükəsizlik, ərazi bütövlüyü, konstitusiya quruluşu və suverenliyimizin qorunması məsələlərində dövlət başçısının siyasətinə mütləq dəstək göstərir”.
Tahir Budaqov bildirib ki, Azərbaycanın bütün ərazisi üzərində suverenliyinin bərpası regionda ədalətli geosiyasi nizamın - yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşması, bütövlükdə sülh naminə etimad quruculuğunun həyata keçirilməsi baxımından da böyük önəmə malikdir: “Hər zaman sülh, sabitlik və inkişaf tərəfdarı kimi çıxış edən, öz əməli fəaliyyəti ilə Cənubi Qafqazın fəal dialoq və konstruktiv əməkdaşlıq məkanına çevrilməsində maraqlı olduğunu nümayiş etdirən Azərbaycan həyata keçirdiyi uzaqgörən siyasəti ilə, reallaşdırdığı transmilli layihələrlə qlobal təhlükəsizlik mühitinin formalaşmasına öz töhfələrini verməkdədir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində Avrasiyanın mühüm tranzit qovşağına çevrilən ölkəmizin təşəbbüsləri regionda səmərəli işbirliyinin qurulması baxımından bir çox dövlətlər üçün geniş ticari-iqtisadi imkanlar və parlaq perspektivlər yaradır. Dövlət başçısının müstəqil və qətiyyətli siyasəti Azərbaycanın dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli formatda münasibətlərinin inkişafını təmin etməklə yanaşı, beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmlənməsini də şərtləndirir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə əldə etdiyi nailiyyətlər, BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər təsisatlarda səmərəli fəaliyyəti və nəhayət, 2024-cü ilin noyabr ayında COP29-a uğurla ev sahibliyi etməsi və bunun nəticəsi olaraq iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə dair qlobal əhəmiyyətli qərarların qəbulu ölkəmizin beynəlxalq müstəvidə ədalətli və etibarlı tərəfdaş kimi önəmini qabarıq şəkildə bir daha təsdiq etmişdir. Bunlarla yanaşı, Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı – D8-ə üzv olması, Şanxay Əməkdaşlıq Təşkilatı, BRICS kimi nüfuzlu platformalarda tərəfdaş ölkə kimi işbirliyini diqqət mərkəzində saxlaması yeni geosiyasi çağırışlar fonunda mühüm əhəmiyyətə malikdir. Bu gün Azərbaycanın xarici siyasətinin əsas prioriteti Türk dünyasında ikitərəfli və çoxşaxəli əlaqələri inkişaf etdirərək Türk Dövlətləri Təşkilatını daha da gücləndirməkdir. Hazırda ölkəmizin fəal təşəbbüsləri Türk dünyasında dövlətlərarası münasibətlərin yüksələn xətt üzrə inkişafına xidmət etməklə yanaşı, yeni perspektivlər yaradır. Qarşıdakı dövrdə Zəngəzur dəhlizinin reallaşdırılması və Orta dəhlizin inkişaf etdirilməsi türk dövlətlərinin yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gəlməsini, bütövlükdə Türk dünyasında inteqrasiyanın güclənməsini də şərtləndirəcək. Bütün bunlar isə yeni dünya nizamı şəraitində Avrasiyada, xüsusilə də Türk dünyasında geosiyasi fəallığın artmasına təkan verərək uzunmüddətli hədəflərə nail olmağa real zəmin yaradacaqdır”.
YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, Azərbaycanın möhtəşəm Qələbəsindən sonra - 2021-ci il martın 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyamızın Sədri, dövlətimizin başçısı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin ardıcıl şəkildə yerinə yetirilməsi yeni mərhələdə Azərbaycanın önəmli uğurlar əldə etməsinə və milli prioritetlərdən irəli gələn hədəflərin reallaşdırılmasına etibarlı zəmin yaradır: “Sıralarında 750 minə yaxın vətəndaşımızı birləşdirən Yeni Azərbaycan Partiyasının fəaliyyət prinsiplərindən biri konstruktiv əməkdaşlıq və dialoqdur. YAP-ın mövqeyinə görə, siyasi dialoq partiyalararası münasibətlərdə qarşılıqlı əməkdaşlıq yaradır, siyasi həmrəylik şəraitində konstruktivliyi təmin edən mütərəqqi ideyalar formalaşır. Öz fəaliyyətində qanunun aliliyi, azadlıq və bərabərlik prinsiplərini əsas götürən Yeni Azərbaycan Partiyası siyasi plüralizmi təşviq edir, siyasi sistemin inkişafına, Azərbaycanın müasir, demokratik və hüquqi dövlət kimi tərəqqisinə layiqli töhfələr verir. Partiyanın Proqramında qeyd edildiyi kimi, YAP dövlətin idarə olunmasında demokratik prinsipləri əsas götürür, siyasətdə açıq və peşəkar münasibətlərin tərəfdarı kimi çıxış edir. YAP-ın mövqeyinə görə, demokratik siyasi münasibətlər dövlətin mütərəqqi yolla inkişafını şərtləndirən vacib faktordur. Buna görə də partiya demokratik ənənələrə mühüm siyasi dəyər kimi yanaşır və onları möhkəmləndirməyi əsas məqsədlərindən biri hesab edir”.
Tahir Budaqov əlavə edib ki, Yeni Azərbaycanın Partiyasının yeni reallıqlardan irəli gələn çağırış və hədəfləri əsası götürərək beynəlxalq əlaqələrini uğurla davam və inkişaf etdirməsi də suveren Azərbaycanın dövlətçilik maraqlarının qorunması üçün böyük önəm kəsb edir: “Partiyamızın beynəlxalq əlaqələrində dost ölkələrin aparıcı siyasi partiyaları ilə münasibətlər mühüm yer tutur. Dövlət başçısının uzaqgörən xarici siyasət kursu əsasında partiya diplomatiyasının həyata keçirilməsi - partiyalar arasında intensiv təmasların müvəffəqiyyətlə davam etdirilməsi, səmərəli fikir və təcrübə mübadiləsinin aparılması yeni reallıqların beynəlxalq arenada təbliği və ölkələrarası münasibətlərin möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Qeyd etmək lazımdır ki, partiyamızın sonuncu qurultayından keçən dördillik müddət ərzində bir sıra ölkələrin, o cümlədən Türkiyə, Özbəkistan, Qazaxıstan, Ukrayna, Şimali Kipr Türk Respublikası, Şimali Makedoniya, Çin və Vyetnamın aparıcı siyasi partiyaları ilə ikitərəfli əməkdaşlıq sazişləri imzalanmış, ICAPP, CDI kimi önəmli siyasi platformalarda YAP-ın fəal iştirakı təmin edilmişdir ki, bu da ölkəmizin siyasi nüfuzunun artmasına xidmət etməklə yanaşı, ümumilikdə dövlətlərarası münasibətlərin inkişafına öz töhfəsini verməkdədir”.
YAP Sədrinin müavini vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti öz milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir: “Dövlət başçısı, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü fəaliyyətini inamla davam etdirərək inkişaf yolunda əmin addımlarla irəliləyən Yeni Azərbaycan Partiyası da yeni dövrün reallıqları və çağırışlarından irəli gələrək suveren Azərbaycanın milli maraqlarının təmini üçün öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək əzmindədir”.
Tahir Budaqov bildirib ki, Azərbaycanın möhtəşəm Zəfər yolunun hərtərəfli tədqiqi və geniş ictimaiyyətə çatdırılmasında müxtəlif kütləvi nəşrlərin, o cümlədən elmi-tədqiqat işləri, əsərlər, monoqrafiya və kitabların da mühüm rolu var. Onun sözlərinə görə, Milli Məclisin deputatı Samir Vəliyevin müəllifi olduğu “Bəsirətin Zəfəri” adlı kitabda Azərbaycanın müstəqillik dövründə qazandığı nailiyyətlərdən bəhs olunmuş, yeni reallıqlar fonunda qarşıda duran hədəflərə nəzər salınmış və tarixi faktlar, mövcud gerçəkliklər əsasında təhlillər aparılmışdır. YAP Mərkəzi Aparatının rəhbəri bütövlükdə bu əsərin Azərbaycana möhtəşəm nailiyyətlər bəxş edən Heydər Əliyev ideya-siyasi xəttinin və Prezident İlham Əliyevin varislik prinsipinə əsaslanan siyasi kursunun öyrənilməsi və yeni nəslə aşılanması, müasir müstəqil və qalib Azərbaycanın zəngin və şərəfli inkişaf yolunun araşdırılması baxımından dəyərli mənbə olduğunu bildirib.
“Əminliklə söyləyə bilərik ki, “Konstitusiya və Suverenlik İli” Azərbaycanın yeni uğurları və milli gücünün daha da artması ilə əlamətdar olacaqdır. Hər birinizə dövlətimiz və xalqımızın firavan gələcəyi naminə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə müqəddəs amallara doğru bu şərəfli yolda inam və əzmlə addımlamağı arzulayır, diqqətinizə görə təşəkkürümü bildirirəm”, - deyə YAP Sədrinin müavini əlavə edib.
Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev çıxışında Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərini vurğulayaraq müasir müstəqil Azərbaycan dövlətinin Ulu Öndərin adı ilə bağlı olduğunu bildirib. O, siyasi varisliyin təmin edilməsinin Azərbaycanın gələcək taleyi üçün müstəsna əhəmiyyətə malik olduğunu söyləyərək müəllifi olduğu “Bəsirətin ünvanı” kitabında bu barədə geniş təhlillərin aparıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, əsərin mahiyyətini dahi bir şəxsiyyətin qurduğu dövlətçilik modelini, dövlətin, millətin gələcək taleyini Heydər Əliyevdən sonra kimə tapşırmaq olar sualına əsaslı faktlarla cavab verilməsi təşkil edir: “Məhz bu baxımdan, uzun illər təhlillər aparılıb. Azərbaycanda siyasi proseslər, cənab İlham Əliyevin hansı parametrləri ödədiyi, onun genetik kodu, həyata baxışı, dövlətçilik düşüncə tərzi təhlil edilib. Birincisi, cənab İlham Əliyevin Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti kimi o dövrdə Ulu Öndərin yanında olaraq, dünyanın ən nəhəng neft şirkətlərinin Azərbaycana gətirilməsi, beynəlxalq kontraktların imzalanması ilə bağlı fəaliyyətinə nəzər salınıb. Zəngin dünyagörüşünə malik cənab İlham Əliyevin müəllifliyi ilə neft strategiyası neft diplomatiyasına çevirildi. İkincisi, onun YAP-ın rəhbərliyindəki fəaliyyətindən bəhs olunub. Partiyanın siyasi inkişaf tarixi yeni dövrdə cənab İlham Əliyevin simasında yeni liderə ehtiyacın olması reallığını ortaya çıxardı. Üçüncüsü, bütün istiqamətlərdə Zəfər yolunun yolçusu, sabahımıza qarant olan lider – İlham Əliyevin Milli Olimpiya Komitəsində gənclərlə çoxşaxəli iş bacarığına diqqət yetirilib. Dördüncüsü isə, Avropa Şurası Parlament Assembleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq cənab İlham Əliyevin beynəlxalq müstəvidə ölkəmizi layiqincə, yüksək səviyyədə təmsiletmə qabiliyyəti təhlil olunub”.
Ə.Vəliyev qeyd edib ki, cənab İlham Əliyevin ölkəmizə qarşı olan qüvvələri susdurmaq bacarığı və digər parametrlər - yüksək humanizm, mədəniyyət, soykökünə bağlılıq və Ulu Öndərin varisi olaraq onun qurduğu dövlət modelini qoruma qabiliyyəti tam şəkildə təhlil edilib: “O zaman qeyd edirdik ki, Ulu Öndərdən sonra Azərbaycanın taleyi yalnız və yalnız İlham Əliyevə tapşırıldığı halda, ölkəmizin, xalqımızın gələcəyi ilə bağlı nikbin proqnozlar gerçəkləşəcək. Məhz bu gün “Bəsirət ünvanı”mız öz ünvanına – “Bəsirətin Zəfəri”nə yetişdi”.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli çıxışında bildirib ki, xalqımız hər zaman Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevlə qürur duyur: “Bu gün iftixarla deyə bilərik ki, Prezident İlham Əliyev regionumuzun yeni tarixinin formalaşmasında həlledici rol oynayır. Dövlətimizin başçısı dünyada sülh və əməkdaşlığa, həm də əmin-amanlığın bərqərar olunmasına böyük töhfələr verir. Bu, Azərbaycan xalqının son yarım əsrdən çox bir dövrdə - 1969-cu ildən başlanan və bu günə qədər davam edən ictimai-siyasi həyatının və real tarixinin ən möhtəşəm nəticəsidir. Xalqımız öz dahi liderlərinin işığında ölkəmizdə müasir inkişafın təmin edilməsinə nail olub, həmçinin dünyanı sağlam məcraya doğru yönəltməyə böyük töhfələr verib”.
İ.Həbibbəyli qeyd edib ki, “Bəsirət ünvanı” və “Bəsirətin Zəfəri” kitabları Azərbaycanın yeni liderlik modelinin təqdimatına həsr olunan çox sanballı əsərlərdir: “Azərbaycanın təcrübəsi göstərdi ki, siyasi varislik real inkişafın və parlaq gələcəyin mühüm təminatıdır. Müstəqillik illərində "demokratiya", "plüralizm" adı altında Qərbin diktə etdiyi ölkələrdə bir çox siyasi eksperimentlərin şahidi olmuşuq. Bu eksperimentlər həmin xalqlara yalnız böhran, qarşıdurmanın bütün təzahürlərini və anarxiya gətirdi. Azərbaycan dövlətinin rəhbərliyində Heydər Əliyev kimi böyük bir düha və sonrakı dövrdə isə İlham Əliyev kimi güclü lider dayandığı üçün anarxiyaya qətiyyən yol verilməyib. Azərbaycan düzgün idarə olunub, uğurla inkişaf etdirilib, nəticədə bugünkü zəfərlərlə nail olunub. “Bəsirət ünvanı” və “Bəsirətin Zəfəri” kitabından çıxan ən böyük nəticə elə bundan ibarətdir”.
İ.Həbibbəyli deyib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər yürüşü və Böyük Qayıdış prosesi “Bəsirətin Zəfəri” kitabında liderliyin əsasları, səbəbləri və nəticələri haqqında aparılan bütün təhlillərin yekunu kimi təqdim olunub: “Bəsirətin Zəfəri” kitabını Azərbaycanın zəfərlər hərəkatının möhtəşəm salnaməsi hesab edirəm”.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov çıxışında bildirib ki, 2025-ci il Azərbaycan xalqının tarixinə iki böyük siyasi hadisənin qeyd olunması ilə daxil olub: “Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Cari ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü münasibətilə çoxsaylı tədbirlər keçiriləcəkdir”.
O qeyd edib ki, 1918-1920-ci illərdə müsəlman Şərqində mövcud olan ilk Cümhuriyyətimiz xarici müdaxilə nəticəsində süqut etdi, Konstitusiya qəbul edə bilmədi. Qonşu dövlətlərlə ərazi mübahisələri həll edilə bilmədiyinə görə dövlət suverenliyinə nail olunmadı: “1991-ci ildə isə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bütün çətinliklərə baxmayaraq, Ümummilli Lider Heydər Əliyev 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunmasına nail oldu. Bu, Heydər Əliyev siyasətinin ən uğurlu addımlarından idi”.
Komitə sədri deyib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı: “Ulu Öndər vətəndaş müharibəsinin qarşısını aldı, qardaş qırğınına imkan vermədi. Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın qorunub saxlanması və işğal edilmiş torpaqları geri qaytarmaq, dövlət suverenliyini bərpa etmək üçün atdığı addımları Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirdi və başa çatdırdı. 30 ildən artıq Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan erməni hərbi birləşmələri 44 günlük Vətən müharibəsi və bir gün davam edən antiterror əməliyyatı nəticəsində darmadağın edildi, torpaqlarımız Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman əsgərlərimiz tərəfindən azad edildi, Azərbaycanın dövlət suverenliyi bərpa olundu, üçrəngli bayrağımız ilk dəfə Azərbaycanın bütün bölgələrində qürurla dalğalanmağa başladı, Azərbaycan qalib dövlətlərin sırasında yer aldı”.
Komitə sədri çıxışında “Bəsirətin Zəfəri” kitabının əhəmiyyətinə də toxunub. Onun sözlərinə görə, kitab Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin cahanşümul fəaliyyətinə həsr olunub: “Müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri tarixi faktlarla əsaslandırılır, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda Ali Baş Komandan İlham Əliyevin mübarizəsinin nəticəsi olaraq çağdaş Azərbaycanın uğurları oxucuların diqqətinə çatdırılır”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev çıxışında bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi tarixi qərardır. Komitə sədri deyib ki, ilk milli Konstitusiyamız Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb və 1995-ci ildə ümumxalq səsverməsi nəticəsində qəbul edilib: “Konstitusiyada ölkəmizdə demokratikləşmə prosesinin əhatə dairəsinin genişlənməsini, vətəndaş cəmiyyətinin fəallığının artırılmasını, vətəndaşların hüquq və azadlıqlarının qorunmasını, fikir plüralizminin təmin olunmasını özündə ehtiva edən mühüm müddəalar yer alıb”.
Onun sözlərinə görə, ölkəmizin bütün ərazisində Konstitusiya quruluşu və suverenliyin tam bərpa edilməsi tarixi nailiyyətdir: “Bütövlükdə 44 günlük müharibədə və birgünlük antiterror tədbirlərində qazanılan qələbələr son 200 illik tariximizin ən parlaq səhifələrini təşkil edir. Bu qələbələr tariximizdə əbədi qalacaq və həmişə də qürur mənbəyimiz olacaq”.
A.Nağıyev əlavə edib ki, Azərbaycanın uğur və zəfər yolunun bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub: “Öz xalqından böyük dəstək alan Prezident İlham Əliyev güclü ordu yaratdı, xalq-iqtidar birliyi sayəsində torpaqlarımızı işğaldan azad etdi. Bununla da Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Beləliklə, bu gün regionumuzda yeni reallıqlar yaranıb”.
O vurğulayıb ki, “Bəsirətin Zəfəri” kitabında da Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən yola geniş nəzər salınıb: “Dörd fəsildən ibarət olan kitabda Heydər Əliyev fenomeni milli-tarixi kontekstdə təqdim olunub, Ulu Öndərin xalqımız qarşısında misilsiz xidmətlərindən geniş bəhs edilib. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun uğurları, eyni zamanda, yeni çağırışların lideri olan cənab İlham Əliyevin fəaliyyəti ön plana çıxarılıb”.
Sonra çıxış edən Milli Məclisin deputatı Samir Vəliyev bildirib ki, Prezident İlham Əliyevin son iyirmi ildən artıq müddətdə apardığı siyasət bütün dünyada artıq nümunə kimi qəbul olunan inkişaf modelini formalaşdırıb: “Bu siyasət nə qədər nəticəyönümlüdürsə, onun miqyası nə qədər böyükdürsə, bu barədə yazmaq da bir o qədər böyük məsuliyyətdir. Müəllifi olduğum “Bəsirətin Zəfəri” kitabı professor Əhməd Vəliyevin müəllifi olduğu “Bəsirət ünvanı” kitabının məntiqi davamıdır”.
Onun sözlərinə görə, XX əsr Azərbaycanının heç kimdə mübahisə və şübhə doğurmayan bir həqiqəti var – bu, Heydər Əliyev fenomenidir: “Müdrik, uzaqgörən siyasətçi, bütün varlığı ilə xalqına, Vətəninə bağlı unikal şəxsiyyət olan Heydər Əliyevə ona qədərki iqtidardan çox ağır miras qalmışdı. Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi real idi. Belə ağır vəziyyətdə hakimiyyətin məsuliyyətini öz üzərinə götürmək siyasətçidən böyük cəsarət tələb edirdi. Xalqımız və dövlətimizin xilası missiyası məhz Heydər Əliyevin üzərinə düşdü və o, bu missiyanı özünə xas olan müdrikliklə yerinə yetirməyə nail oldu”.
Millət vəkili qeyd edib ki, yaradılan bünövrə onun üzərində güclü Azərbaycan qurmaq üçün etibarlı zəmin idi: “Heydər Əliyevin müdrikliyi həm də onda idi ki, bir tərəfdən milli dövlət üçün son dərəcə zəruri olan siyasi varislik ənənəsinin əsasını qoydu, digər tərəfdən isə cənab İlham Əliyevin timsalında bu kursa, milli dəyərlərə, ənənələrə sadiq, eyni zamanda, yeni çağırışları qarşılamağa qadir olan varis-lider yetişdirdi. Ulu Öndərimizin İlham Əliyevi özünün siyasi varisi kimi müəyyənləşdirməsi onun Azərbaycan naminə növbəti tarixi missiyası idi. Cənab İlham Əliyevin bilik və bacarığına, xarizmasına, məsələlərə strateji yanaşmaq qabiliyyətinə, vətənpərvərliyinə, milliliyinə yaxşı bələd olan Ulu Öndərimiz əmin idi ki, ondan həyat və siyasət dərsi almış İlham Əliyev müasir dövrün lideri olmağı, Azərbaycanı gələcəyə aparmağı bacaracaq”.
S.Vəliyev bildirib ki, Azərbaycanın son 20 ildən çox müddətdə keçdiyi yol, daxili və xarici siyasətdə qazanılan uğurlar dahi Heydər Əliyevin seçiminin nə qədər düzgün olduğunu əyani şəkildə təsdiqləyir: “Cənab İlham Əliyev Ulu Öndərimizin ona bəslədiyi inamı bütünlüklə doğruldub. 2003-cü ildə İlham Əliyevin rəhbərliyi ilə başlayan yolun ən böyük uğuru Qarabağ Zəfərimiz, ölkənin suverenliyinin bərpasıdır”.
Milli Məclisin deputatı deyib ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi ilə əsas ümummilli hədəfimizə çatmışıq: “Dövlətimizin başçısı heç vaxt qazanılan nailiyyətlərlə kifayətlənmir. Prezident İlham Əliyev daim yeni reallıqlara və çağırışlara uyğun gündəlik müəyyənləşdirir, milli gücü məharətlə qarşıya qoyulan hədəflərə çatmağa səfərbər edir. Postmüharibə dövründə başlayan yeni strateji mərhələ üçün müəyyənləşdirilən beş mühüm prioritetdən biri işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsidir. Hazırda bu istiqamətdə möhtəşəm addımlar atılır”.
“Bir vaxtlar böyük həyat təcrübəsinə malik olan Ulu Öndərimiz bizlərə bəsirətin ünvanını göstərirdi. Onun həmişə zamanı qabaqlayan ideyaları artıq reallıqdır. Aradan 20 ildən bir qədər çox vaxt ötəndən sonra biz artıq bəsirətin zəfərindən danışırıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlər, uğur salnaməsi bizi gələcəyə daha nikbin baxmağa sövq edir. Bu gün qüdrətli Azərbaycan regionda yeni reallıqlar yaradan və əsas söz sahibi olan dövlətdir. Əminik ki, gələcəkdə də belə olacaq, Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycanı yeni zirvələrə yüksəldəcək”.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.