Aktauda təyyarə qəzasında həlak olmuş ekipaj üzvləri - İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevanın şəxsi və əmək fəaliyyəti ilə bağlı əşyalar Milli Azərbaycan Tarixi Muzeyinə verilib.  

"Unikal"ın məlumatına görə,  sərgidə qəza zamanı sağ qalan təyyarənin ekipaj üzvü, stüardessa Rəhimli Aydan Vaqif qızının da əşyaları yer alıb. 

Bildirək ki,  Azərbaycan Prezidenti İlham Əliyev AZAL-a məxsus "Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.  Sərəncama əsasən, Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı 1-ci dərəcəli "Rəşadət” ordeni ilə təltif ediliblər. 

Xatırladaq ki, AZAL aviaşirkətinə məxsus "Embraer 190" təyyarəsi 2024-cü il dekabrın 25-də qəzaya uğrayıb. Təyyarə Bakıdan Qroznıya uçurdu, lakin iki uğursuz eniş cəhdindən sonra Aktauya yönəlib. Qazaxıstan hava limanına təxminən 5 km qalmış sərt eniş edib. Təyyarədə 67 nəfər olub (42-si Azərbaycan, 16-sı Rusiya, altısı Qazaxıstan, üçü Qırğızıstan vətəndaşı), onlardan 38-i həyatını itirib.

Gülayə Mecid