"Hər şeydən əvvəl komandamı təbrik edirəm. Çətin bir oyunda qalib gəldik. Məncə, meydançaya yetərincə konsentrasiyalı çıxa bilmədik".

"Unikal" xəbər verir ki, bunu "Gəncə" basketbol komandasının baş məşqçisi Halil Atlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində "Lənkəran" üzərində qazanılan 96:92 hesablı qələbəni şərh edib: "Son iki matçda cəza səbəbindən itkilərimiz var. Onların yoxluğunu hiss etmədən oynayırıq. Konsentrasiyamız düşdüyü anlarda bəsit xətalar buraxmağa başlayırıq. Rəqibi də apardığı mübarizəyə görə qeyd etmək lazımdır. Evdə qalib gəlmək çox önəmlidir. Oyunun son anlarında bütün bacarığını qoyan, vacib xallar qazanan Cordan Forbsa xüsusi təşəkkürümü çatdırıram. Bizi daha bir oyun gözləyir. İnşallah, həmin görüşdə də qalib gəlib bu mövsüm ilk hədəfimiz olan "play-off"a vəsiqə qazanmağa çalışacağıq. Bizi tribunadan dəstəkləyən azarkeşlərimizə də hər zaman olduğu kimi minnətdarıq".