Azərbaycanda 2025-ci təsərrüfat ilində fındıq bağlarının dövlət dəstəyi ilə aqrar sığortası davam edir.  Ölkəmizdə aqrar sığorta mexanizminin fermerlər üçün əsas üstünlüklərindən biri də sığorta haqqının 50 faizinin dövlət tərəfindən qarşılanmasıdır. 

"Unikal" xəbər verir ki, fermerlərə dəstək məqsədilə sığorta haqqının yarısını dövlət ödəyir.

Nəticədə fermerlər hesablanmış sığorta haqqının yalnız 50%-ni ödəyərək təsərrüfatlarını və əkin sahələrini sığorta etdirirlər.

Aqrar sığortanın əhatə etdiyi 41 bitki növündən biri də fındıq bağlarıdır. Ölkənin müxtəlif ərazilərində fındıq əkən fermerlər aqrar sığorta vasitəsilə bağlarını sığorta etdirə bilərlər.

Fındıq Azərbaycanın demək olar ki, bütün ərazilərində əkilən bitkidir.

Statistikaya əsasən, hazırda Azərbaycanda 80 601 hektar fındıq bağı mövcuddur. Bu sahələrin təxminən 57 min hektarı artıq məhsul verir. Ölkədə bir hektar fındıq bağının məhsuldarlığı orta hesabla 12,7 sentnerdir.

Azərbaycanda fındıq sahələrinin təxminən 96 faizi ölkənin iki regionunda - Şəki-Zaqatala (57 min hektar) və Quba-Xaçmaz (20 min hektar) iqtisadi zonalarında yerləşir.

Ən böyük fındıq bağları sahəsi Zaqatala rayonundadır - 20,2 min hektar. Xaçmaz rayonunda 11,7 min hektar, Balakən və Qax rayonlarında isə 10 min hektar fındıq bağı mövcuddur.

Fındıq bağlarının aktiv əkildiyi rayonlar arasında Qəbələ (7,1 min hektar), Qusar (6,5 min hektar), Şəki və Oğuz (hər biri 4,4 min hektar) rayonlarını qeyd etmək olar.

Fındıq bağlarının sahəsi sürətlə genişlənməkdədir - təkcə 2024-cü il ərzində 346 hektar yeni bağ salınıb.

Fındıq həm də Azərbaycanın ixrac etdiyi əsas məhsullardan biridir. 2023-cü ildə ölkəmiz xaricə ümumi dəyəri 4 milyon 970 min dollar olan 830 ton fındıq ixrac edib. 2024-cü ildə isə Azərbaycandan xaric bazarlara ümumi dəyəri 8 milyon 33 min dollar olan 1 218 ton fındıq ixrac olunub.

Aqrar sığorta mexanizmi fındıq bağlarını dolu, fırtına, qasırğa, sel-subasma, normadan artıq qar yağması, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və s. kimi risklərdən qoruyur.

Sığorta haqqı isə regionlardan asılı olaraq dəyişir və olduqca aşağıdır. Məsələn, fındığın kütləvi şəkildə əkildiyi Xaçmaz rayonunda 1000 manatlıq məhsulu sığortalamaq üçün fermer cəmi 7,25 manat ödəməlidir.

Zaqatala, Balakən və Qax rayonlarında isə 1000 manatlıq fındığın sığortası fermerə cəmi 20 manata başa gəlir.

Artıq 2024-cü ildən etibarən fındıq sahələri üzrə sığorta ödənişlərinə də başlanılıb. Ötən il fındıq bağlarına dəymiş zərərlərə görə fermerlərə və təsərrüfatlara 4 737 manat sığorta ödənişi edilib.

Fındıq bağı sahibləri əlavə olaraq meyvə bağlarındakı ağacları ayrıca sığorta etdirə bilərlər. Bu halda, ağac tələf olarsa, fermerə ağacın 3 illik meyvə dəyəri qədər sığorta ödənişi verilir. Bu sığorta məhsulu üzrə sığorta tarifi cəmi 0,83% təşkil edir.

Məsələn, ildə 20 manatlıq məhsul verən naringi (mandarin) ağacının illik sığorta haqqı cəmi 50 qəpikdir. 50%-lik dövlət dəstəyini nəzərə aldıqda, fermer cəmi 25 qəpik ödəməklə ildə 20 manatlıq məhsul verən ağacı çoxsaylı risklərdən sığortalaya bilər.

Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri və sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən (www.asf.gov.az) və ya 1651 Çağrı Mərkəzinə müraciət etməklə əldə etmək mümkündür.