ABŞ prezidenti Donald Trampın administrasiyası Ağ Evin rəsmi saytında SARS-CoV-2 virusunun Çindəki tədqiqat laboratoriyasında sızma nəticəsində yarandığını açıqlayıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ federal hökuməti rəsmi olaraq 7 milyon insanın ölümünə səbəb olan qlobal pandemiyanın əsas izahında bunun laboratoriya mənşəyi olduğunu elan edib. 

Açıqlamada virusun təbiətdə rast gəlinməyən bioloji xüsusiyyətlərə malik olduğu və bütün COVID-19 hadisələrinin bir mənbədən gəldiyi deyilir. Ağ Ev deyir ki, bu, çoxsaylı epidemiyaları əhatə edən keçmiş pandemiyaların dinamikasına ziddir. 

Ağ Ev əsas arqumentlərini bu şəkildə sıralayıb:

SARS-CoV-2 süni müdaxilə əlamətlərinə malikdir;

Xəstəliyin bütün halları bir əsas mənbədən qaynaqlanır;

Vuhan laboratoriyası viruslarla işləyərkən biotəhlükəsizlik qaydalarını pozub;

İnstitutun bir sıra əməkdaşları epidemiya başlamazdan əvvəl xəstələniblər;

Təbii mənşəli sübutların olmaması laboratoriya variantının təsdiqi kimi qəbul edilir.

Bu məqamlar ABŞ Nümayəndələr Palatasının Respublikaçılarının 2024-cü il hesabatının nəticələrini əks etdirir. Sonra konqresmenlər də bunun laboratoriya sızması olduğu qənaətinə gəliblər. 

Ağarza Elçinoğlu