Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının Ağasadıq Gəraybəyli küçəsi 63 ünvanı ərazi partiya təşkilatının üzvləri ilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə ərazi partiya təşkilatının sədri Ceyhun Rüstəmov təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib, fəaliyyət planına uyğun olaraq qarşıda duran məsələlər və keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında danışıb. Təşkilat üzvlərinin Yeni Azərbaycan Partiyasının fəaliyyətində yaxından iştirak etdiklərini, partiyanın bütün tapşırıq və tövsiyələrinə səylə, məsuliyyətlə əməl etdiklərini söyləyib.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev qurucusu Ulu Öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının ölkəmizin, eləcə də regionun siyasi həyatındakı əvəzsiz rolundan bəhs edib. Vurğulayıb  ki, Ulu Öndərin müstəqil Azərbaycanın daha da qüdrətlənməsinə, inkişafına xidmət edən siyasi-ideoloji xətti bu gün də uğurla davam etdirilir və müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın söz sahibi ölkələrindən birinə çevrilib. Qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın dövlətçilik maraqlarına əsaslanan çoxşaxəli fəaliyyəti Azərbaycanın milli gücünün artmasında mühüm rol oynayır.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov YAP-ın təsis olunmasından, partiyanın keçdiyi şərəfli və keçməkeşli tarixi yoldan danışıb. Diqqətə çatdırıb ki, yarandığı gündən sözlə əməl birliyi partiyanın nüfuzunu gündən-günə artırır, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir. Prezident, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Ordumuzun misilsiz qəhrəmanlığı ilə Azərbaycanın 44 gün ərzində ərazi bütövlüyünü, 23 saatdan az davam edən antiterror tədbirləri ilə isə suverenliyini tam bərpa etdiyini xatırladan V.İsmayılov vurğulayıb ki, Qarabağda aparılan nəhəng quruculuq-bərpa işləri dövlətin siyasi iradəsini və xalqın ruh yüksəkliyini ortaya qoyur.

Görüşdə partiya üzvləri ilə geniş fikir mübadiləsi də aparılıb.