Rumıniya Baş naziri Marçel Çolaku hökumət başçısı vəzifəsindən istefa verdiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, o, rəhbərlik etdiyi Sosial-Demokrat Partiyasının hakim koalisiyadan çıxdığını da bəyan edib.

Çolakunun sözlərinə görə, koalisiya sabit hökumət və vahid prezident namizədi məqsədilə qurulsa da, bu hədəflərdən biri gerçəkləşmədiyi üçün koalisiya legitimliyini itirib.

Mayın 4-də keçirilən prezident seçkilərinin ilk turunda milliçi Corce Simioun 40%, müstəqil namizəd Nikuşor Dan isə 20% səs toplayaraq ikinci tura keçib. Hakim koalisiyanın namizədi Krin Antonesku üçüncü olub və məğlubiyyətini qəbul edib.

İkinci tur 18 mayda keçiriləcək. Seçkilər ötən il nəticələri ləğv olunan əvvəlki səsvermənin təkrarıdır.