Soyuq Müharibə dövründən qalma sovet kosmik gəmisinin 53 ildən sonra Yerə düşəcəyi gözlənilir. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə atmosferə girərkən yanması gözlənilən kosmik gəminin qəzaya uğraya biləcəyi yerlər arasında Azərbaycan və Türkiyə də var.

"Kosmos 482" adlı sovet kosmik kapsulu 1972-ci ildə Veneraya getmək üçün buraxılıb. Lakin raketdə alışma nasazlığı səbəbindən o, Yer orbitini tərk edə bilməyib. Yarım əsrdən çox müddətdir orbitdə nəzarətsiz şəkildə hərəkət edən 500 kiloqramlıq kapsulun mayın 10-da atmosferə girəcəyi gözlənilir.

NASA-nın məlumatına görə, orbitdə ölçüsü 10 santimetrdən böyük olan 25 min ədəd kosmik zibil var. Qeyd edilir ki, kosmos tullantıları atmosferə daxil olub yanmadan 100 il orbitdə qala bilir.

Bu tullantıların kosmik əməliyyatlar üçün böyük təhlükə yaratdığı bildirilir.

Ağarza Elçinoğlu