Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Azərbaycan turizmi: bu günü və gələcəyi” mövzusunda X Respublika elmi-praktik konfransı keçirilib. Tədbir Universitetin Turizm və qonaqpərvərlik fakültəsi Turizm biznesi kafedrasının təşkilatçılığı ilə baş tutub.

"Unikal" xəbər verir ki, tədbir iştirakçılarını salamlayan ATMU-nun rektoru İlham Mədətov “Azərbaycan turizmi: bu günü və gələcəyi” mövzusuna dair elmi–praktik konfransın ənənəvi səciyyə daşıdığını diqqətə çatdırıb. Gənc tədqiqatçılara fəaliyyətlərində uğurlar arzulayıb və ölkəmizin elmi potensialının formalaşmasında layiqincə təmsil olunacaqlarına əminlik ifadə edib. Universitetin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı t.ü.f.d., dos. Bahadur Bilalov, Turizm biznesi kafedrasının müdiri f.ü.f.d., dos. Hafiz Hüseynov adıçəkilən tədbirə gənc tədqiqatçılar tərəfindən 90-a yaxın məqalənin təqdim olunduğunu, araşdırılan hər bir mövzunun ölkə turizminin inkişafında əhəmiyyətinə münasibət bildiriblər. 

Konfrans “Azərbaycanın işğaldan azad olunan ərazilərinin turizm potensialı”, “Azərbaycanın turizm destinasiyaları”, “Turizmin iqtisadiyyatı və idarəedilməsi”, “Turizmdə dillərin rolu”,

“Azərbaycanda qonaqpərvərlik və qida sənayesi: bugünkü və gələcək inkişafı”, “Turizmdə marketinq” adlı bölmələrdə fəaliyyət göstərib.

Konfransın işində ATMU tələbələri ilə yanaşı, Bakı Dövlət Universiteti (BDU), Sumqayıt Dövlət Universiteti (SDU), Qərbi Kaspi Universiteti (QKU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Dövlət İqtisad Universiteti Zaqatala filialı və Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri iştirak ediblər.

Qeyd edilməlidir ki, “Azərbaycan turizmi: bu günü və gələcəyi” adlı X Respublika elmi praktik konfrans gənc tədqiqatçıların elmi fəaliyyətlərinin stimullaşdırılması, turizm sənayesində müasir yanaşmaların paylaşılması və elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. 

Gənc tədqiqatçıların qatıldığı tədbir onlayn formatda olub.