Bakı Mühəndislik Universitetində (BMU) “Springer Nature” nəşriyyatının genişləndirilmiş Şərqi Avropa üzrə vitse-prezidenti Aliaksandr Birukou ilə professor-müəllim heyətinin görüşü təşkil olunub. 

"Unikal" xəbər verir ki, əvvəlcə BMU-nun rektoru Yaqub Piriyev dünyada nüfuzlu nəşriyyatın rəhbərlərindən biri olan Aliaksandr Birukounu görüş iştirakçılarına təqdim edib. Qonaq haqqında zəruri informasiyaları nəzərə çatdıran rektor nəşriyyatın vitse-prezidentinin Azərbaycanda ali məktəblərlə ilk görüşünün BMU-da keçirilməsindən məmnunluğunu bildirib. Eyni zamanda nəşriyyatla BMU müəllimlərinin əməkdaşlığının genişlənməsi baxımından görüşün əhəmiyyətini qeyd edib.

Sonra “Aliaksandr Birukou “Springer Nature ilə Beynəlxalq Nəşriyyat: Azərbaycan üçün imkanlar” mövzusunda məruzəsini təqdim edib. Təqdimatda akademik nəşriyyat olan “Springer”in məqsəd və vəzifələri haqqında məlumat verilib. Bildirilib ki, nəşriyyat elmi araşdırmalar, nəzəri və tətbiqi biliklərin geniş yayılması, akademik cəmiyyət və ictimaiyyət üçün etibarlı, yüksək keyfiyyətli məlumat təmin etmək, akademik kitablar, elmi məqalələr, tədris resursları, konfrans materialları dərc etməklə biliklərin çatdırılması istiqamətində fəaliyyət göstərir. Tədbirdə həmçinin, nəşriyyat tərəfindən  1815-2024-cü illər arasında 300 000 kitabın çap edildiyi, hər il isə bütün fənlər üzrə 12 000 yeni kitabın nəşr olunduğu diqqətə çatdırılıb. Eləcə də nəşriyyatda çap olunan Azərbaycan jurnalları haqqında informasiyalar, habelə ölkəmizin universitetləri, tədqiqat mövzuları üzrə statistika təqdim olunub və BMU-nun statistikada yer aldığı mövqe vurğulanıb. 

Təqdimatda o da bildirilib ki, belə bir akademik nəşr platforması alimlərə öz karyeralarını inkişaf etdirmək, elmi töhfələri geniş ictimaiyyətə çatdırmaq imkanı yaradır, həmçinin yeni biliklərin əldə olunması, mövcud nəzəriyyələrin tənqidi müzakirəsini təşviq edir.

Təqdimatın sonunda professor-müəllim heyətini maraqlandıran suallar cavablandırılıb.