Mayın 13-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

"Unikal"ın məlumatına görə, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib və bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.

Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqları ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun tapşırıqları ilə müvafiq tədbirlərin görüldüyü vurğulanıb. 

Komitə sədrinin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür.

Vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.