Azərbaycanın telekommunikasiya və poçt sahəsində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) mütəxəssisləri ölkədə fəaliyyət göstərən internet provayder və operatorların nümayəndələri üçün təlim keçiblər.

"Unikal" xəbər verir ki, məqsəd internet xidməti təchizatçıları tərəfindən İKTA-ya öz fəaliyyətləri barədə səhih statistik məlumatların verilməsinin təmin edilməsi olub. 

Qeyd edək ki, məlumatların səhihliyinin avtomatik yoxlanılması üçün İKTA əməkdaşları xüsusi proqram hazırlayıblar. Təlimdə iştirakçılara bu proqramdan istifadə qaydaları və tələb edilən statistik göstəricilər izah olunub, onların sualları cavablandırılıb.

Təlimin sonunda indiyədək internet xidməti təchizatçılarının məlumatların verilməsində qarşılaşdıqları çətinliklərin müəyyənləşdirilməsi və gələcəkdə proqramdan istifadənin effektivliyinin ölçülməsi məqsədilə onlayn sorğu təşkil olunub.

Xatırladaq ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.