Audiovizual Şuranın tərtib etdiyi inzibati protokola xitam verilməsi qərarı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilmiş və “Teleport” MMC cərimə olunub.
"Unikal" xəbər verir ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasında lisenziya alaraq fəaliyyət göstərən multipleks və platforma operatorları retranslyasiya etdikləri xarici televiziya kanallarını yalnız buna hüquq verən sənədləri (müqavilə, razılaşma, icazə, lisenziya və s.) Audiovizual Şuraya təqdim etmək şərtilə retranslyasiya edə bilərlər. 2024-cü ilin sonlarından 2025-ci ilin mart ayınadək Audiovizual Şuranın mütəxəssisləri operatorlar tərəfindən təqdim olunan sənədlərə və onların retranslyasiya paketlərinə baxış həyata keçirmiş, müvafiq monitorinq işləri aparmışlar.
Aparılmış monitoriqlər nəticəsində 20 platforma operatoru barədə inzibati xəta haqqında protokollar tərtib edilmiş və müvafiq məhkəmələrə göndərilmişdir. Qeyd olunan məhkəmələrin qərarlarına əsasən həmin operatorların hərəsi 5000 manat cərimə olunmuşdur.
Yalnız Nəsimi Rayon Məhkəməsinin 12 mart tarixli qərarı ilə Audiovizual Şuranın “Teleport” MMC barədə tərtib etdiyi inzibati protokola xitam verilmişdir. Bununla bağlı Audiovizual Şura Bakı Apellyasiya məhkəməsinə şikayət vermiş və həmin məhkəmənin 24 aprel 2025-ci il qərarı ilə ilk instansiya məhkəməsinin qərarı ləğv edilərək “Teleport” MMC-nin 5000 manat cərimə edilməsi ilə bağlı qərar qəbul olunmuşdur. Qeyd olunan qərar qətidir və ondan şikayət verilə bilməz.
Audiovizual Şura bir daha operatorların nəzərinə çatdırır ki, onların əhaliyə təqdim etdikləri retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu halında retranslyasiya oluna bilər. Bu istiqamətdə mütəmadi olaraq monitorinqlər həyata keçiriləcək və nəticələr barədə ictimaiyyətə açıqlamalar veriləcəkdir.