"Mərkəzi istilik sisteminə qoşulmaq mənzil mülkiyyətçilərinin öz iradəsindən aslıdır. Çoxmənzilli yaşayış binalarının sakinləri mərkəzi istilik sisteminə qoşulmaq üçün istəsələr özəl şirkət tutarlar, istəsələr "Azəristiliktəchizat"a müraciət edə bilərlər, istəsələr də mənzil mülkiyyətçisi kimi MMC yaradarlar".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin “İstilik təchizatı haqqında” qanun layihəsi ilə əlaqədar ictimai dinləməsində çıxışı zamanı energetika nazirinin müavini Elnur Soltanov deyib.

Onun sözlərinə görə, belə olan halda artıq tarif məsələsi mənasızlaşır: "O mənada ki, vətəndaşların öz mülkiyyətində olan cəmiyyət hər ayın sonunda sadəcə xərcləri vətəndaşlar arasında bölüşdürə bilər. Təbii ki, sayğac quraşdırılana qədər. Bu mənada bizim bildiyimiz ənənəvi sistem dəyişmiş olur. Daha liberallıq gətirilmiş olur. Burda qiymət nə olacaq? Burda xərclərin, təchizatın seçilməsi mənzil mülkiyyətçilərindən asılı olacaq. Belə ki, birini bəyənməsələr digərini seçə bilərlər. Bu istiqamətdə onlara heç kim təsir edə bilməz. Bu mülkiyyətçinin öz iradəsindən aslıdır".

Anar Kəlbiyev