"Ucqar ərazilərdə müttərəqqi sistemlərin tətbiqinə gəldikdə, hazırda istilik nasosları deyilən texnologiya ortaya çıxıb. Biz bunu çox düşündük və Qarabağda da tətbiq edilməsi istiqamətində ekspermentlər aparılır. Hələlik bir az bahadır. Hətta Avropa İttifaqı əvvəl çox ciddi şəkildə bu istiqamətdə getməyə çalışdı, sonra bir az yavaşladılar".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin “İstilik təchizatı haqqında” qanun layihəsi ilə əlaqədar ictimai dinləməsində çıxışı zamanı energetika nazirinin müavini Elnur Soltanov deyib.
"Bunun əsas səbəbi texnologiya hələ yetişkin deyil və bahadır. Bununla bağlı mütəxəssislər də azdır. Bu texnologiya fizika qanunlarına əks gedərcəsinə 300 %-lik effektivlik əmsalına sahibdir. Çox qəribə texnologiyadır, kondisionerə bənzəyir. Bunun tətbiq edilməsi ilə gələcəkdə qaza ehtiyac olunmuyacaq. Effektivlik həddindən artıq yüksəlir. Ancaq Azəbaycanı test edilməmiş texnologiyalar parkına çevirmək niyyətimiz yoxdur. Bunu daha zəngin və böyük imkanlara sahib olan ölkələr test etsin", - deyə nazir müavini bildirib.
E.Solaton qeyd edib ki, çoxmənzilli binada qaz istehlakı isitmə və isti su üçün istifadə edilir: "Əgər çoxmənzilli binada mərkəzi istilik və mərkəzi su sistemi varsa, artıq mətbəxə qədər qazın çəkilməsi mənasızdır. Mətbəxdə daha yaxşı, effektiv texnologiyalarla sırf elektriklə isinən sobalardan istifadə edilə bilər. Bu o deməkdir ki, binanın daxili qaz şəbəkəsinə ehtiyac olmaya bilər. Ancaq bunu nəzərdə tutmuram, demək istəyirəm ki, qanunda belə qəribə və xoş məqamlar ola bilər. Bu, binada həm ümumi infrastruktur xərclərini azalda bilər, həm də təhlükəsizlikdir".
Anar Kəlbiyev