23 iyun 2025-ci il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində "Konstitusiya və Suverenlik ili" çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilən 23 İyun Dövlət Qulluqçularının Peşə bayramına həsr olunmuş "Dövlətə sədaqət, Xalqa xidmət" adlı bayram tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdən öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli abidəsi ziyarət olunub, tər gül dəstələri düzülüb və əziz xatirəsi ehtiramla yad olunub.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in kollektivi, YAP Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər, qəsəbə və kənd İƏDN-ləri, dövlət qulluğunda çalışan rəhbər şəxslər və əməkdaşlar, veteran dövlət qulluqçuları və şəhid ailələri iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının dövlət himni səslənib.

Neftçala RİH-in başçısı Mirhəsən Seyidov tədbirdə çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onların ölkənin sosial-iqtisadi inkişafında, dövlət idarəçiliyində və vətəndaşlara göstərilən xidmətlərin təşkili sahəsində oynadığı əhəmiyyətli roldan danışıb. RİH-nin başçısı çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev dövlət idarəetmə sistemində peşəkarlıq, vətənpərvərlik və məsuliyyət kimi keyfiyyətləri hər zaman ön planda tutulub. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində dövlət idarəçiliyində səmərəliliyin artırılması, şəffaflığın təmin olunması və peşəkar kadrların hazırlanması istiqamətində mühüm nailiyyətlər əldə olunub. Dövlət qulluqçuları isə bu islahatların əsas icraedici qüvvəsidir. Dövlət qulluğu sistemi müasir dövrün tələblərinə uyğun şəkildə yenilənməkdədir.

Qeyd olunub ki, müstəqillik illərində Azərbaycanda hüquqi dövlətin qurulması, idarəetmə sisteminin təkmilləşdirilməsi, ölkənin daha yaxşı idarə olunması üçün zəruri tədbirlər görülüb, hazırda da bir çox islahatlar həyata keçirilərək yeni idarəetmə orqanlarının yaradılması və dövlət qulluğunda səmərəliliyin artırılması  prosesi davam etdirilir.

Tədbirdə çıxış edən digər natiqlər- Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Emil Cavadov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayonu üzrə nümayəndəsi Gülər Mirzəyeva, Neftçala Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin müdiri Elsevər Əsədov, gənc dövlət qulluqçusu, Həsənabad qəsəbə İnzibati ərazi nümayəndəsinin müavini Fətəli Hüseynov, veteran dövlət qulluqçusu Fikrət Əliyev, Neftçala Rayon Statistika idarəsinin baş məsləhətçisi Gülcahan Məmmədova, rayon ziyalısı, ictimaiyyət nümayəndəsi Firdovsi Tağıyev dövlət qulluqçularını təbrik edərək onların şərəfli və məsuliyyətli peşə fəaliyyətinin ölkənin sosial-iqtisadi inkişafına verdiyi töhfədən bəhs edib, dövlət qulluğu sisteminin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən, dövlət qulluqçularının etik davranış qaydalarından, dövlət qulluğunda gənclərin rolundan, həmçinin rayonda görülən işlərdən danışıb, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər. Həmçinin vurğulanıb ki, müasir dövrdə dövlət qulluğunun təkmilləşdirilməsi, ictimai xidmətlərin keyfiyyətinin artırılması qarşıda duran əsas vəzifələrdəndir.

Bayram tədbiri Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon üzrə nümayəndəliyi tərəfindən hazırlanan maraqlı musiqili proqram ilə davam etdirilib.

Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə fərqlənən rayonun bir qrup dövlət qulluqçusu Rayon İcra Hakimiyyəti başçısının və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının  fəxri fərmanları ilə təltif olunublar.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib.