Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm və Menecment Universitetinin tərəfdaşlığı ilə Quba şəhərində yerləşən Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində “Gənc Turizm Liderləri–2” adlı düşərgə təşkil olunub.
"Unikal" xəbər verir ki, düşərgə Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin rəsmi açılış mərasimində Azərbaycan Turizm və Menecment Universitetinin, Gənclər və İdman Nazirliyinin və Dövlət Turizm Agentliyinin nümayəndələri çıxış edərək düşərgənin əhəmiyyətindən, turizm sahəsində gənclərin fəal iştirakından və onların gələcəkdə milli turizm siyasətində oynayacaqları roldan bəhs ediblər.
ATMU-nun Təhsil məsələləri üzrə rektor müşaviri Fərid Cabbarlı bildirib ki, bu layihə ölkəmizin turizm sənayesinin inkişaf etdirilməsi, turizm siyasətinin həyata keçirilməsi, ölkənin turizm potensialının xarici bazarlarda tanıdılması baxımından genişmiqyaslı işlər görmək üçün təhsil alan tələbələrimizə dəstək xarakteri daşıyır.
Gənclər və İdman Nazirliyinin əməkdaşı Əli İsgəndərli çıxış edərək, ölkəmizdə turizm sahəsinə töhfə olaraq keçirilən və gənc turizmçilərə dəstək məqsədi daşıyan bu cür layihələrin böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdir müavini Günay Bayramova çıxışı zamanı tələbələrə gələcək karyeralarında uğurlar arzulayaraq bu kimi layihələrdən faydalanmağa çağırıb.
Üç gün davam edən düşərgənin əsas məqsədi “Əylənərək öyrənirik” metodu əsasında gənclərin turizm sahəsində bilik və bacarıqlarının qeyri-formal təhsil alətləri vasitəsilə inkişaf etdirilməsi olub. Eyni zamanda tədbir iştirakçılar arasında innovativ düşüncə tərzinin formalaşdırılmasına və liderlik keyfiyyətlərinin gücləndirilməsinə xidmət edib.
Düşərgə çərçivəsində gənclərə ölkəmizin turizm sektorunda onların rolunun əhəmiyyəti aşılanıb. Bildirilib ki, bu cür təşəbbüslər gənc turizmçilərin gələcək karyera yollarında mühüm stimul rolunu oynayır və onların peşəkar inkişafına töhfə verir.
Qeyd edək ki, düşərgənin planına şəhər turu, master-klaslar, idman oyunları, təlimlər və s. daxil olub. ATMU-nun tələbələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Qubadakı Qırmızı qəsəbədə ekskursiyada olublar.
Ölkəmizdə turizm sahəsinə töhfə olaraq keçirilən və gənc turizmçilərə dəstək məqsədilə təşkil edilən “Gənc turizm liderləri” adlı düşərgə tələbələr və qonaqlar tərəfindən maraqla qarşılanıb.