Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqları (DİİXİHİ) Gəncə şəhər komitəsinin təşkilatçılığı ilə 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdən əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Aparatın kollektivi Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Niyazi Bayramov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, qeyd edib ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi, dövlət qulluğu imtiyaz deyil, insanlara xidmət göstərmək üçün bir məsuliyyətdir. Niyazi Bayramov çıxışında dövlət qulluqçularının şəhərin inkişafında və mühüm tədbirlərə, o cümlədən bu il Gəncədə keçiriləcək MDB Oyunlarına hazırlıq prosesində göstərdikləri səyləri xüsusi qeyd edib, onların gördüyü işlərin şəhərdə aparılan abadlıq və quruculuq tədbirlərində mühüm rol oynadığını vurğulayıb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev dövlət qulluqçuları adından göstərilən diqqətə görə öz minnətdarlığını bildirib.

DİİXİHİ Gəncə şəhər komitəsinin sədri Mahmud Fərzəliyev dövlət qulluğunun cəmiyyətin idarə olunmasında mühüm rol oynadığını vurğulayıb, dövlət qulluqçularının peşəkarlığını və əzmkarlığını yüksək qiymətləndirərək onları bayram münasibətilə təbrik edib.

Sonda bir qrup dövlət qulluqçusu DİİXİHİ Gəncə şəhər komitəsinin adından səmərəli fəaliyyətlərinə görə diplomlarla təltif olunublar.

Qeyd edək ki, Dövlət Qulluqçularının Peşə Bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə təsis olunub.