“Bu bir həqiqətdir ki, Azərbaycan Respublikasının quru sərhədlərinin bağlı olması birbaşa pandemiya ilə bağlı idi”.
Bunu “Unikal”a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. O bildirib ki, COVID-19-la mübarizə artıq səngiyib:
“Koronavirus təhlükəsi demək olar ki, yoxdur. Azərbaycanın quru sərhədləri isə yenə də bağlıdır.
Bunun səbəbini Prezident İlham Əliyev açıqlayıb. Dövlət başçısı bildirib ki, bu, ilk növbədə təhlükəsizlik məsələləri ilə bağlıdır. Azərbaycan təhlükəsizliyə görə quru sərhədlərini bağlı saxlayır. Bu addım bizi bir çox bəlalardan qoruyub.
İsraillə İran arasındakı müharibə bu məsələləri bir daha ortaya çıxardı. Təsəvvür edin ki, Tehranın 10 milyona yaxın əhalisi var və onun bir hissəsi şəhəri tərk edib. Onların böyük bir hissəsi Türkiyə ərazisinə keçib, bir hissəsi ölkə daxilində qalıb və digər bir hissəsi isə başqa ölkələrin ərazilərinə keçiblər.
Azərbaycan-İran sərhədi isə bağlıdır. Bu, ölkəmiz üçün çox vacibdir. İnsanlar indi daha çox dərk etməyə başlayırlar, nə yaxşı ki, quru sərhədlərimiz bağlıdır. Əks təqdirdə bunun hansı fəlakətlərə aparacağını proqnozlaşdırmaq elə də çətin deyil", - deyə o qeyd edib.
Murad İbrahimli