Səfər Əbiyevin nazirliyi ilə bağlı daha bir irad
11:20 26-09-2013
CƏMİYYƏT
Səfər Əbiyevin nazirliyi ilə bağlı daha bir irad
Ordu rəhbərliyində rotasiyanın həyata keçirilməməsi NATO tələblərinə ziddir
Müşahidələr göstərir ki, Azərbaycan ordusunda, xüsusən də rəhbər heyətdə uzun illər heç bir rotasiya (yerdəyişmə) aparılmır. Bu, dünya təcrübəsi, o cümlədən Azərbaycanın da əməkdaşlıq etdiyi NATO ölkələri təcrübəsi ilə bir araya sığmır.
Azərbaycan bir çox məsələlərdə Türkiyə təcrübəsinə istinad etməyi üstün tutur. Türkiyənin ordu komandanlarının, o cümlədən rəhbərliyin yerdəyişməsində
tətbiq edlən mexanizim mükəmməl model hesab oluna bilər. Bu ölkədə hər iki ildən bir ordu rəhbərliyinin rotasiyası həyata keçirilir, bütün qoşun növlərinin komandanları, birləşmə komandirləri dəyişdirilir. Quru Qoşunlarının komandanı olan general bilir ki, iki ildən sonra Silahlı Qüvvələrin Baş Qərərgah rəisi vəzifəsini tutacaq. Bu vəzifədə iki il xidmət etdikdən sonra isə onun yalnız bir seçimi qalır - istefa. Türkiyədə uzun illərdir Silahlı Qüvvələr bu modellə idarə olunur və son vaxtlar bu ənənənin pozulmasına rast gəlinməyib.
Məsələn, general Nəcməddin Sadıqov Azərbaycanda Mudafiə Nazirliyi Baş Qərərgah rəisi olduğu müddətdə Türkiyədə mahiyyətcə eyni postda bir neçə müxtəlif şəxs əyləşib.
ABŞ və Avropa ölkələrində də orduda 2-3 ildən bir rotasiya həyata keçirilir. Hərbi rəhbərliyə gətirilən şəxslərin vəzifələrindən vaxtından əvvəl azad olunmaları və ya digər vəzifəyə keçirilmələri hallarına çox az təsadüf olunur.
Azərbaycanla müharibə şəraitində olan Ermənistanda 1995-ci ildən sonra müdafiə naziri ən azı 6, Rusiyada 6, Gürcüstanda isə 5 dəfə dəyişib.
Bizdə uzun illər eyni vəzifədə işləyən hərbçilərin siyahısı isə kifayət qədər böyükdür. Elə müdafiə naziri Səfər Əbiyevin özü bu vəzifəyə 1995-ci ilin fevralın 5-də təyin olunub. Yəni artıq 18 ildir o, bu postu tutur. Baş Qərərgah rəisi Nəcməddin Sadıqov isə nə az, nə çox, düz 20 ildir - 1993-cü ildən bu vəzifədə əyləşib.
Və yaxud müdafiə nazirinin müavini Çingiz Məmmədov 10 ildən artıqdır ki, bir vəzifədə işləyir. Nazirliyin bir neçə idarə rəisi də 15 ilə yaxındır ki, eyni vəzifəni tuturlar.
Hərbi ekspertlər deyirlər ki, ordu strukturlarında aşağı vəzifəli zabitlərin də rotasiyası vəziyyəti heç də yuxarıdan fərqlənmir. Yəni ordu rəhbərliyində rotasiya ilə bağlı durum necədirsə, "aşağılar"da da eyni cürdür.
Onların sözlərinə görə, normal dünya ölkələrində 3-4 ildən bir ordu rəhbərliyində rotasiya həyata keçirilir və belə yerdəyişmələrin çox müsbət nəticələri olur. Məsələn, Silahlı Qüvvələrdə yoruculuq və ordunu bir şəxsin idarə etməsi ehtimalı minimuma enir.
Ekspertlərin qənaətinə görə, Azərbaycan ordusunda rotasiyanın keçirilməsi ilə bağlı qanunvericilikdə də boşluq var. Belə ki, "Hərbi xidmət keçmənin əsasları haqqında" qanunda göstərilib ki, orduda vaxtı-vaxtında rotasiyalar həyata keçirilməlidir. Lakin qanunun belə yazılması rotasiyanın mütləq keçirilməsi anlamına gəlmir və orada müddət göstərilmir. Elə zabitlər var ki, təyin olunduqları yeni vəzifəni bir il icra etmir və onları başqa yerə dəyişirlər, elələri də var ki, on ildən artıq yeni vəzifədə qalır. Belə zabitlərin hərbi xidməti az qala əbədi olaraq eyni hissə və vəzifə ilə bağlı olur. Bu isə həm yorucudur, həm də hərb sənəti baxımından arzuolunan deyil. Orduda rotasiyanın mütləq və hansı müddətlərdə həyata keçirilməsi qanuna daxil edilməlidir. Bir zabitin eyni hərbi hissədə və vəzifədə maksimum neçə il xidmət etməli olduğu və nə vaxt rotasiyaya məruz qalmalı olduğu qanunda mütləq
göstərilməlidir. Belə olsa, kimisə tanışlığa, qohumluğa, yerlibazlığa və rüşvətə görə vəzifədə irəli çəkmə, yerini dəyişmə kimi mənfi halla ehtiyac qalmayacaq.
Ekspertlər hesab edir ki, müdafiə naziri postuna təyinat Ali Baş Komandanın iradəsində olan məsələdimr və bu səbəbdən Səfər Əbiyevin uzun müddətdir indiki vəzifədə saxlanılması başadüşüləndir. Amma Əbiyevin özünün ordu daxilində öz səlahiyyətlərinə uyğun şəkildə rotasiyaların həyata keçirilməsinə maraq göstərməməsinə izah vermək çətindir.
Hərbi mütəxəssislər belə düşünür ki, orduda əsgər ölümlərinin, korrupsiya faktlarının ilbəil artmasının bir səbəbi də məhz rotasiya ilə bağlı işlərin həyata keçirilməməsi ola bilər. "Belə bir məşhur söz var: "Su da bir qabda çox qalanda iylənir". Bunu nəzərə alaraq ordu içində mütəmadi rotasiyaların aparılması məqsədəuyğundur, bu Silahlı Qüvvələrdə nizam-intizamın güclənməsi, şəffaflığın artması, müasir standartlara uyğunlaşma kimi məsələlərdə ciddi təkan verə bilər, problemləri əhəmiyyətli şəkildə azaldar" deyə onlar qeyd edirlər.
Bütün bu deyilənlərdən sonra hazırki müdafiə nazirinin bu işdə həvəsli və maraqlı görünməməsi həqiqətən də maraq doğurur.
Azər Aslan
Digər Xəbərlər
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12