Əli Həsənov Pərviz Həşimlinin həbsindən danışdı
11:22 26-09-2013
CƏMİYYƏT
Əli Həsənov Pərviz Həşimlinin həbsindən danışdı
"Azərbaycanda prezident seçkiləri öncəsi mühit şəffaf və demokratikdir"
Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri ölkədə seçki öncəsi mühiti dəyərləndirib."Azərbaycanda prezident seçkiləri öncəsi mühit şəffaf və demokratikdir, bütün məsələlər qanun çərçivəsində tənzimlənir. Seçki institutları öz fəaliyyətlərini qanunauyğun şəkildə qurur".
Bunu açıqlamasında Azərbaycan Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə. Həsənov qeyd edib ki, icra və yerli hakimiyyət orqanları qanun əsasında öz funksiyalarını yerinə yetirir, bununla bağlı heç bir problem yoxdur: "Prezidentliyə namizədlər müvafiq olaraq mətbuatda və yerlərdə təbliğat-təşviqat kampaniyası həyata keçirirlər. Qanuna müvafiq olaraq, onların həm televiziya və radioda, həm də mətbuatdakı çıxışları bütün ölkə ərazisində yayılır, bu sahədə heç bir maneə, heç bir problem yoxdur. O ki qaldı ayrı-ayrı namizədlərin ətrafındakı insanların toplantılarda, yaxud başqa tədbirlərdə özünü aparması, onların polis orqanları ilə bu və ya digər formada yaranmış qarşıdurması, bunlar hamısı qanun çərçivəsində tənzimlənir. Hakimiyyətin heç kimə qarşı qərəzi, heç kimə qarşı hansısa tədbir həyata keçirmək məqsədi yoxdur. Sadəcə olaraq müəyyən tədbirlər zamanı qarşıdurma yaratmaq, prosesləri pozmaq istəyənlərə qarşı qanun çərçivəsində tədbirlər görülür.
Məsələn, son vaxtlar ayrı-ayrı namizədlərin plakatlarını cırıb, onların təbliğat materiallarına qarşı bu və ya digər hərəkət eləmək istəyən insanlara rast gəlinir. Əlbəttə ki, belə şəxslərə qarşı qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirilir. Bunun nə müxalifətlə, nə seçki prosesi ilə, nə də bütövlükdə ayrı-ayrı namizədlərin fəaliyyəti ilə bağlılığı var. Sadəcə bu, asayişin qorunması, sabitliyin təmin olunması və seçki prosesinin insidentsiz, qanuna müvafiq şəkildə həyata keçirilməsi istiqamətində polisin öz funksiyalarına uyğun olaraq, gördüyü tədbirlərdir".
Ə. Həsənov teledebatlarda prezidentliyə namizədlər arasında baş verən qalmaqallara da toxunub. O bildirib ki, belə hallar seçki prosesi zamanı dünyanın digər ölkələrində də müşahidə olunur: "Namizədlərin hamısının debat qabiliyyəti, məsələyə yanaşması eyni deyil. Əlbəttə, bu, arzu olunan hal sayılmır. Hər ölkənin seçki institutları istəyir ki, seçki şəffaf, rəvan keçsin, heç bir insident yaşanmasın. Bununla belə, arzu edilən olmasa da, belə halların müşahidə olunması da təbiidir".Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov daha sonra "Bizim yol" qəzetinin əməkdaşı və "moderator.az" saytının rəhbəri Pərviz Həşimlinin həbsinə münasibət bildirib.
Əli Həsənov açıqlamasında bildirib ki, Pərviz Həşimlinin həbsinin onun jurnalist fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.
Şöbə müdiri qeyd edib ki, P. Həşimlinin həbsi ilə bağlı əməliyyatı həyata keçirən dövlət qurumunun açıqlaması var və hazırda bu məsələ ilə bağlı araşdırma aparılır: "İstintaq gedir, istintaqa müvafiq olaraq cəmiyyətə məlumat verilib, bundan sonra da veriləcək".
PA rəsmisi deyib ki, jurnalist P. Həşimlinin həbsinin onun kimisə tənqid etməsi, hansısa tənqidi yazı yazması, yaxud hansısa yazısı ilə əlaqəli olduğunu təsdiqləyən, sübut edən heç bir fakt yoxdur: "Pərviz Həşimlinin həbsi ilə onun jurnalist fəaliyyəti arasında heç bir əlaqə yoxdur, ola da bilməz".
Qeyd edək ki, P. Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.
Fuad
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00