Bəzi sabiqlərin seçki sonrası xəyalqırıqlığı
13:31 03-11-2013
CƏMİYYƏT
Bəzi sabiqlərin seçki sonrası xəyalqırıqlığı
Onların karyeralarını bərpa etmək ümidləri doğrulmadı
Bir çox sabiq məmurlar prezident seçkiləri ərəfəsində uzun illərdən bəri davam edən susqunluqlarını pozmuşdular. Onlar seçkiyə bir neçə ay qalmışdan başlayaraq hakimiyyət namizədi xeyrinə açıqlamalar verir, vəzifədə olmadıqları müddətdə hökumətə sadiq qalmağa davam etdiklərini qabardır və bununla da yenidən yüksək karyeraya iddia etdiklərini biruzə verməyə çalışırdılar.
Məsələn, hələ xeyli əvvəldən ona yenidən etimad göstəriləcəyinə dair gözləntisini dilə gətirən sabiq maliyyə naziri seçkiyə qısa müddət qalmış prezident İlham Əliyevi dəstəkləyəcəyini açıq bəyan etmiş, ölkədəki inkişaf haqqıneda xoş sözlər söyləmişdi.
Başqa bir sabiq maliyyə naziri - Fikrət Yusifov da uzun aradan sonra məhz prezident seçkisi ərəfəsində yenidən gündəmə gəldi və Rusiya mətbuatına geniş müsahibə verərək, həm hazırki hakimiyyətin ünvanına kifayət qədər yüksək sözlər söylədi, həm də prezidentə dəstəyini nümayiş etdirdi.
Və yaxud 2004-cü ildə bir çoxları üçün gözlənilməz şəkildə vəzifəsindən kənarlaşdırılan sabiq rabitə naziri də seçki öncəsi uzun müddətdən bəridir davam edən susqunluğunu pozaraq bəyanatla çıxış etmişdi. "Adətən əksər seçicilər üçün seçkidən öncə namizədin kimliyi özləri üçün sirr qalmalıdır, onu açıqlamazlar. Mən xalqım üçün yaxşı prezident seçilməsini istəyirəm. Ümid edirəm ki, prezident daha da yaxşı işləyəcək. Xalqın qeydinə bundan da yaxşı qalacaq, gələcəkdə dövlətimiz daha da irəliyə gedəcək. Mən inkişafın tərəfindəyəm. İnkişaf naminə də ölkə başçısının namizədliyini dəstəkləyirəm. Bizim Azərbaycanda olan inkişafı görürsünüz də, maşallah. Mən də Azərbaycanın bu inkişafını dəstəkləyirəm"-deyə eks-nazir qeyd etmişdi. 7 il rabitə naziri postunu tutan Nadir Əhmədovun işdən çıxarıldığı dövrdə hansısa vəzifə iddiaları ilə bağlı mətbuatda heç bir xəbər yayılmasa da, onun qəfildən belə bir açıqlama ilə çıxış etməsi bəzi KİV-lər tərəfindən yeni təyinat gözləntisinin ifadəsi kimi yozulmuşdu.
Düzdür, sabiq iqtisadi inkişaf naziri Heydər Babayev, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov, "Azərkimya" Dövlət Şirkətinin sabiq prezidenti Fikrət Sadıqov kimi bir zamanların adı mətbuatda hədsiz çox hallanan iri məmurlarından belə açıqlamalar eşitmədik. Bunun da səbəbi aydındır. Həmin iri məmurlar hər hansı formada bağıfşlanacaqlarını və yaxud yenidən onlara etimad göstəriləcəyini təxmin etmədikləri üçün hər hansı fəallığa ehtiyac görmədilər. Məsələn, Heydər Babayevin keçmiş komanda yoldaşlarından incikliyinin çox ciddi olduğu, buradakı əmlak və biznesinin böyük bir hissəsini sataraq, əsasən ölkə xaricində yaşamağa və oradakı biznesini genişləndirməyə çalışdığı sirr deyil. Onun artıq Azərbaycanda baş verən ictimai-siyasi proseslərlə maraqlanmadığı deyilir.
Yəni bəzi nüfuzlu keçmiş iri məmurlar artıq vəzifəsizlik aqibətləri ilə barışsalar da, bir çox sabiq yüksəkçinlilər hələ də karyeralarının hər hansı formada bərpa olunacağı ümidi ilə açıq mövqe sərgilədilər. Amma biz Azərbaycanda yeni hökumət kabineti formalaşdırıldıqdan sonra sabiqlərdən hər hansının xidmətinə yenidən ehtiyac duyulması faktına rast gəlmədik; böyük ehtimalla, bundan sonra da gəlməyəcəyik.
Bəzi mənbələr bunu həmin sabiqlərin hələ vəzifədə olarkən iqtidariçi güclü qruplarla yaşadıqları ixtilafların nəticəsi sayır və belə hesab edirlər ki, onların həmin rəqibləri hələ də hakimiyyət daxilində mövqelərini qoruyub saxladıqları, hətta daha da gücləndirdikləri üçün bir çox sabiq iri məmurların vəzifə gözləntiləri doğrulmayıb. Yəni iqtidar içində bəzi güclü fiqurlar bir vaxtlar onlarla inetriqada olan və sonradan "vurulmalarına" nail olduqları keçmiş yüksəkçinlilərin yenidən hakimiyyət komandasına hətta ən aşağı məmur kimi qayıtmasını istəmirlər. Düşünürlər ki, onlar zaman keçdikcə güclənə və köhnə ixtilafın intiqamı arzusu ilə yeni əks-həmləyə keçmək şansı əldə edə bilərlər.
Bəzi qaynaqlara görə isə, "vurulan" əksər keçmiş iri məmurların siyasi sədaqətinə hələ də şübhə var, onlara güvənilmir. Hər nə qədər belə eks vəzifəlilər onlara göstərilən etimadı bərpa etmək üçün əllərindən gələni etsələr də, bu, qarşı tərəfdə inandırıcı qarşılanmır. Elə bu səbəbdən də biz prezident seçkisi öncəsi yeni təyinat ümidi ilə dəstək bəyanat verən sabiqlərin hətta birinin belə, vəzifə karyeralarının hər hansı formada bərpa edilməsinin şahidi olmadıq.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33