Səfər Əbiyevə qarşı hücumlar səngimir
12:58 05-11-2013
CƏMİYYƏT
Səfər Əbiyevə qarşı hücumlar səngimir
Sabiq müdafiə nazirinin hələ də tənqid və ittiham hədəfində qalması nə vəd edir?
Sabiq müdafiə naziri Səfər Əbiyev öz postundan uzaqlaşdırılmasına rəğmən, hələ də KİV-lərin əsas müzakirə mövzularından biri olaraq qalır. Əbiyevin sonrakı taleyinin necə olacağı maraq doğurarkən, eyni zamanda keçmiş nazirə qarşı bir-birinin ardınca ifşaedici ittihamların səslənməsi diqqət çəkir.
Xüsusilə Əbiyevin qudası olan kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanovla bağlı olduqca ciddi kompromatların mediaya sızdırılması, Əbiyevin vaxtilə “vurduğu” generalların yenidən görəvə gətirilməsi müəyyən şübhələrə yol açır. Söhbət Əbiyevə qarşı mümkün hər hansı siyasi qisas planının işə salına biləcəyindən gedir.
Sabiq nazirin özü də postundan getdikdən sonra da birbaşa və ağır ittihamların hədəfidir. Məsələn, dünən Azərbaycan Silahlı Qüvvələri Akademiyasının qərargah xidməti kafedrasının sabiq rəisi, Müdafiə Nazirliyinin hərbi təhsil idarəsinin bölmə rəisi, general-mayor Lənkəran Əliyev Səfər Əbiyevin müdafiə
naziri vəzifəsindən azad olunması məsələsinə münasibət bildirib. O, deyib ki, Səfər Əbiyevin müdafiə naziri vəzifəsindən getməsi ordu ilə bağlı narazılıqların və problemlərin kəskin azalmasına gətirib çıxaracaq. Onun sözlərinə görə, Səfər Əbiyevin nazir vəzifəsindən getməsi çoxlarını sevindirir: “Çünki son vaxtlar valideyinlər öz övladlarını hərbi xidmətə göndərməyə ehtiyyat edirdi. Yeri gəlmişkən söyləyim, 2 il bundan əvvəl öz oğlum qədər əziz olan qardaşım oğlu düşmənlə təmas xəttində şəhid oldu, ancaq onun ölümü müəmmalı oldu. Çünki o, gənc leytenant idi, təzə buraxılmışdı, tədris proqramını tam qavramamışdı, ancaq onu düşmənlə təmas xəttində ən təhlükəli posta göndərdilər. Halbuki, həmin vaxtı 500 nəfərə yaxın məzun var idi, ancaq onlar arxa cəbhədə təcrübə toplamaq üçün saxlandı. Mən hesab edirəm ki, bu, təsadüfi deyil. Belə olmamalı idi. Mənim qardaşım 1998-ci ildə avtomobil qəzasında dünyasını dəyişib. Ondan sonra da böyük qardaş kimi onun ailəsinə də mən baxıram. Qardaşım oğlu hərbi liseydə də mənim yanımda oxuyub, hərbi akademiyada 4 il təhsil alıb, sonra isə təlim tədris mərkəzində oxuyub və sairə. Səfər Əbiyev qardaşım oğlunun ölümünə bais olub”.
Sabiq müdafiə nazirinin ona qarşı ədavət saxladığını söyləyən L.Əliyev qeyd edib ki, bunu hər kəs də bilib: “Bəlkə də çox adam bu barədə danışmağa ehtiyyat edirdi, ancaq bu təsadüf ola bilməz. Digər tərəfdən isə hələ indiyədək mən builmirəm ki, Səfər Əbiyev məni nə üçün vəzifədən çıxartdırıb? Heç kəs də bunu isbat edə bilmir. Saxtalaşdırılmış yoxlama aktı da təsdiq olunmadı. 2009-cu ildə Səfər Əbiyevin rəhbərliyi altında polkovnik Rövşən
Məhərrəmov gəlib saxta yoxlamalar apardı, sonra isə məni vəzifəmdən çıxartdılar. Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin sabiq rəisi olmuş Rövşən Məhərrəmov Səfər Əbiyevin adamı idi, o çox pis işlər, özbaşına hərəkətlər görmüşdü. Hətta, Rövşən Məhərrəmov o qədər səriştəsiz hərbçi idi ki, o tabeçiliyində olan əsgərləri belə toplamaqda çətinlik çəkirdi. O əsgərləri çox boş buraxmışdı. Səfər Əbiyev evimi də əlimdən alıb. Baxmayaraq ki, məhkəmənin mənim xeyrimə qərarı olub, ancaq sonradan Səfər Əbiyevin təzyiqi altında məhkəmənin qərarı dəyişdirildi və məni evimdən çıxartdılar. İndi evimin qaytarılması üçün yeni müdafiə naziri təyin olunan general-polkovnik Zakir Həsənova müraciət etməyi düşünürəm”.
Beləliklə, açıq görünür ki, Səfər Əbiyevin “vurulması” belə onun istər ordu, istərsə də siyasi iqtidar daxilindəki gizli-aşkar rəqiblərini sakitləşdirmir. Əksinə, onlarda sabiq müdafiə nazirinin bu postda ikən fəaliyyətinə görə sorğulanması məqsədəuyğun sayılır. Bunun isə Əbiyev üçün növbəti mərhələdə xoşagəlməz nəticələrə gətirib çıxaracağını proqnozlaşdırmaq çətin deyil.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10