Azərbaycanda bəzi mollalar nəyi düz etmirlər?
13:02 05-11-2013
CƏMİYYƏT
Azərbaycanda bəzi mollalar nəyi düz etmirlər?
Artıq onların qəbrimstanlıqlarda rinqə çıxması da adi hala çevrilib
Üstündən min dörd yüz il keçdi. Amma o, hələ də unudulmayıb. Hələ də müsəlmanların ürəkləri ilə bir döyünür.
Bəlkə də, normal ürəyin dəqiqədə 72 dəfə döyünməsinin də bir hikməti var. Elə o gün də İslamın döyünən ürəklərinin sayı 72 nəfər idi. Məhz o gün - "Aşura" günü onlar - Hüseyn (ə) və tərəfdarları İslamı qanları, canları, başları, yaşları hesabına yaşatdılar. Məhəmməd Peyğəmbər Allahın dinini yaratmaq üçün dünyaya gəldisə, Hüseyn Allahın dinini yaşatmaq üçün dünyaya gəldi. Bütün varından-yoxundan keçib, yalnız və yalnız İslamın yaşaması üçün qılıncın altına keçdi. Daha bu şəxs necə unudulsun ki? Bunun unudulmağa haqqı belə yoxdur. Amma belə bir şəxsdən istifadə etmək necə? Düzgündürmü? Doğru olarmı ki, sənin dünya və axirətin üçün şəhid olan Hüseyndən istifadə edib pul qazanasan? Bütün bu suallara cavab aşağıda.
Mən bəzi mollaların qəbiristanlıqda ringə çıxmasına-zada toxunmaq istəmirəm. Belə halları görmüsünüz də, eşitmisiniz də. O günlərdə TV xəbərlərində də göstərirdilər.
Yuxarıdakıları müqəddimə olaraq yazdım. Yazdım ki, bilməyənlər də söhbətin nədən getdiyini bilsinlər. Artıq bu il də məhərrəmlik kimi dərimizə, qanımıza hopan "matəm ayı" yaxınlaşır. Məhərrəm ayının ilk on günü müsəlman aləmində matəm günləri kimi qeyd olunur və İmam Hüseynə əzadarlıq məclisləri qurulur. Hamı gəlib əzadarlıq edir, dualar oxuyur, ağlayır və s. Təki Hüseyn unudulmasın. Bir şəxs ki, İslamı unudulmağa qoymadı, onun ildönümünü qeyd edib gənc nəsillərə də nümayiş etdirmək lazımdır. Amma bizim bu bəzi bozbaş mollaların (bunu oxuyan mollalara sözüm: özünüzə götürməyin, söhbət bozbaş mollalardan gedir. Sən ki bozbaş deyilsən. Əsəbləşirsənsə deməli, sən də bozbaşsan-S.Q.) fikrinə görə, İslam dinində, ümumiyyətlə, "matəm günü" deyilən bir anlam yoxdur. Yəni, yaşılbaş sonaların, üzr istəyirəm, bozbaş mollaların dediklərinə görə, əslində, İslam dini yalnız və yalnız bayram günlərindən ibarətdir. Onların fikrinə görə, Mübarək Ramazan, Müqəddəs Qurban və Məhərrəm günlərinin heç də fərqi yoxdur. Bu üç böyük zamanlarda bayram yaşamaq olar. Çünki, bu günlərdə kütləvi "dini korrupsiya" şəraitində pul yığmaq olar. Molla üçün əsas "gəlir"dir. Gəlirli gün mollanın bayramı adlanır. Molla deyir, Hüseynin matəmində əgər pul qazanacamsa, onda bu məhərrəmlik nəinki on gün hətta ilin bütün günləri olsun. Hələ əməlləriylə özlərindən bir hədis də qayırıblar. "Əgər mollalar bilsəydilər ki, Hüseynin məclisində pul qazanmaq nə qədər savab işdir, onda ilin bütün günlərini məhərrəm günlərindən olmasını gecə-gündüz istəyərdilər". Amma atalar da zor deyib: "Mollanın əməlinə yox, dediyinə qulaq as".
Bəlkə də, mollaların apardığı hüzr məclislərinin səbəbkarı olan mərhumun qəbri od tutub yanır, biz görmürük. Nə isə. Heç bu haqda yazmayacaqdım. Nə qədər gec deyil, qayıdaq mövzumuza. Deməli, o gün (müsəlmanın o günü) kənddə idim. Gördüm əhli-namaz qardaşlar mübahisə edirlər. Söhbətə "kurs" olduqdan sonra bəlli oldu ki, bunlar qarşıdan gələn məhərrəmlik üçün məclisi yola verməyə rövzəxan (*rövzəxan-camaatı ağlatmaq naminə hadisələri avazla və yalandan özünü məcburi ağlamışlığa qoyub süni içvuran adama deyilir. Bu günkü gördüyümüz rövzəxanlara rəğmən-S.Q.) axtarırlar, amma tapa bilmirlər. Balam, bəs Azərbaycanda bu qədər rövzəxanlar hara getdi? Nə işlə məşğuldurlar? Açığı, hamısının haqqına girmək istəmirəm, adamın başının üstündə Allah var, amma onu deyim ki, bəzilərinin də qılığına girmək istəmirəm. Çünki, onlar artıq İslamı özlərinə qazanc mənbəyi bilirlər. Məsələn, Azərbaycanın xalq artisti, məşhur müğənnimiz, çox hörmət etdiyim cənab Faiq Ağayev də ailəsini dolandırmaq üçün mahnı oxuyur və pulunu qazanır. Öz də toya getməmişdən öncə, Faiq müəllim şərti şumda kəsir ki, palatkanın içində dava düşməsin. Tam bizim bəzi mollalarımız kimi. Deməli, həmin gün mənim bu kəndçi əhli-namaz qardaşlarım məhərrəmlik üçün kənddə bir ədəd (bilərəkdən ədəd yazdım-S.Q.) rövzəxan-molla tapa bilməyiblər. Çünki, hamısı "zanit"dir. Yaxud da ki, qiymətlə razılaşmayıblar. Rövzəxan molla deyib ki, "mənə 2000 manat verəcəksizsə, gəlirəm. Çünki, mənim də ailəm var-zad". Elə bil, camaatın ailəsi ailə deyil, sərçə balalarıdır. Bunlar da deyib ki, "ay molla, ay ağa, sənin cəddinə qurban olum, ay seyid, gəl onda belə razılaşaq ki, məclisdə nə qədər pul yığılacaqsa, hamısı sənindir, biz qarışmayacağıq" (molla məclisdə bir-bir iştirakçıların əmvatına fatihə deyib pul yığır. Toyun axırındakı bəy tərifi kimi. Buna ədəbi dildə "dini şabaş" deyirlər-S.Q.). Cəddinə qurban olub, qıçına da təpik vurduğum bu seyid Rövzəxan bununla da razılaşmayıb. Bilib ki, bu məclisə gələnlər də elə mənim kimi İmam Hüseyn yetimləridir, onların pulu hardadır. Deyib ki, "yox qardaş, maa sərf etmir, məni Sabirabada çağırıblar, məni bağışlayın. (Hər il məhərrəmlik vaxtı bu molla cənub bölgəmizdən durub gedir Sabirabada, 2000 manat rüşvəti gətirmək üçün-S.Q.). Səni imam Hüseyn bağışlasın, cənab molla əmi.
Deməli, qarşıdan gələn bu on günü məclislərdə iştirak etmək hər bir əzadarın borcudur. Bütün əzadarlar gedir, pulsuz-pənahsız Hüseynə əzadarlıq edir. Bəs, molla niyə pul alır? Məgər, o da digərləri kimi əzadarlığa getməyib? Suala vicdanınızla birgə cavab axtarın, mən hələlik aşağıda başımı başqa cümlələrlə girələyirəm.
Mən tam əminliklə deyirəm, əgər qeyri-islamçılar İslam dininin bu qədər gəlirli din olduğunu bilsəydilər, yüz faiz çoxdan İslamı qəbul etmişdilər. Onlar bilmirlər ki, qəbiristanlıqda super alver etmək üçün müsəlmanların gəlirli kitabı var, öz də adı "Qəbiristanlıq kitabı" (Bütün günü qəbirisitanlığın qapısının ağzında oturub Quranı 5-10 köpüyə satan molla buna misaldır-S.Q.). İslam dinindən pul qazanmaq üçün müsəlmanların Ramazan, Qurban, Məhərrəmlik, Novruz kimi bayramları var (necə ki, bu bayramlar qədəmlərini qoyur dünyaya, mollalar tökülüşürlər qəbiristanlığa. Qəbirdə yatan ölülərə baxıb axirətlərini düşünürlər - S.Q).
Hələ müsəlmanların "Aşura" günü də var. Bəzi mollalar göz oxşayan, valehedici əməlləriylə özlərindən belə bir hədis də qayırıblar: "O gün insanlar torba-torba pul yığarlar". O qədər Qurani-kərimdə "o gün insanlar" sözünü oxuyub yan keçiblər ki, artıq "O Gün" bunlar üçün adiləşib. Onsuz əksər mollalar üçün din adi bir şeydir. Onların ibadət-zad etmələrinə baxıb aldanmayın, bu sadəcə olaraq, vərdişdir, instinkdir. Məsələn, kənddə yaşayıb mal-heyvan saxlayan insanlar yaxşı bilər. Deməli, saat altı olan kimi örüşdən qayıdan mal-heyvanlar evə gəlir və tövləyə girməmişdən öncə, sağılmaq üçün sahibini gözləyir. Bu, onlarda instinkdir. Heyvanın şüuru yoxdur ki. Sadəcə, onlar vərdiş verib. Mən inəkləri misal olaraq ona görə gətirdim ki, açıq-aydın başa düşülsün. Əstəğfirullah, inəyi pisləmək istəmirəm, inək də Allahın insanlara verdiyi bərəkətli heyvandır. Daha bir misal da çəkim, mürdəşir saqqız çeynəyə-çeynəyə, özü üçün mahnı oxuya-oxuya işini görür, ayağı ilə cəsədi o yana, bu yana çevirib yuyur. Onun üçün bu, adi bir haldır. O, artıq illərdir, ömrünü-gününü bu işə sərf edib, vərdiş edib. O, indi artıq öz sənətinin peşəkarıdır.
Danışanda da deyirlər ki, bəs, molla da ailəsini dolandırmalıdır, ya yox? Elə bil, mən deyirəm ki, molla ailəsini acından öldürməlidir. A kişi, camaat necə dolanır, molla da elə dolansın. Getsin "karyer"ə Məmmədağa kişi kimi daş atsın. Qoy daş başına düşüb öləndə də şəhid kimi ölsün. Çünki ailəsini dolandırmaq üçün evdən çıxan insan ölərsə, "şəhiddir" deyirlər. Gedib 1 aya Quranı üzündən oxumağı öyrənib, sonra da gəlib qəbiristanlıqda oturub "Yasin" surəsini "altıvolt" eləməyə nə var ki. Bunu qağam da eləyər də.
Deməli, sonda belə nəticəyə gəlmək olar ki, Hüseyni qətlə yetirən elə bu bozbaş (ona görə bozbaş deyirəm ki, qəbiristanlıqda günün altında saatlarla Quran oxumaqdan gün vurub bunların qapqara saçlarını bozardıb-S.Q.) mollaların özü olub. Özləri qətlə yetirib ki, zəhmət çəkmədən dolanışıqları yaxşı olsun. İnanın mənə, axtarıb dərinliyə getsəniz, görəcəksiz ki, bunların kökü gedir Kufə şəhərində dayanır. Nə olsun ki, Cəlilabadın Qoturlu, Masallının Xoturlu, Lənkəranın Moturlu, Yardımlının Loturlu kəndində ot eləyirlər. İnanmırsan? İndi bax! Əgər bir şəxs ki, pul üçün Hüseyndən istifadə edirsə, bunu Hüseyn aşiqi kimi necə tanımaq olar? Kufə əhli də Hüseyni satdı, (bəzi) mollalar da Hüseyni satırlar. Ortaq nəticə isə: Hər ikisi satqındırlar.
Lap sonda özümü sığortalamaq üçün üzümü həqiqi mollalara tutub deyirəm: Çalışın özünüzü bozbaş həmkarlarınızın şərindən qoruyun. Siz İslamın sütunlarısınız...
Səid Qərib
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10