Sosial şəbəkələr və Azərbaycan gəncliyi
13:03 05-11-2013
CƏMİYYƏT
Sosial şəbəkələr və Azərbaycan gəncliyi
Bu gün gənclər vaxt bölgüsünü çox vaxt düzgün edə bilmirlər
Alman filosofu İmmanuel Kantın belə bir fikri var: "Gənclik zamanı günlər qısa, illər uzun, qocalıq zamanı isə günlər uzun, illər qısa".
Həqiqətən də, insanın, məsuliyyətinin ən az və boş vaxtının ən çox olduğu zaman gənclik dövrüdür. Bundan sonra ailə, iş həyatı və digər məsələlərlə əlaqədar olaraq, boş vaxtımız azalır. Buna görə də gənclik dövründəki boş vaxt yaxşı dəyərləndirilməlidir. Lakin gəlin baxaq görək, bugünün gəncliyi öz dəyərli vaxtını düzgün qiymətləndirirmi, asudə vaxtından səmərəli şəkildə yararlana bilirmi? Aparılan araşdırmalar nəticəsində məlum olur ki, bu sahədə də gənclərin fikirlərində müxtəliflik var; bir qrup gənc asudə vaxt deyəndə yalnız əyləncə kimi başa düşür, diskoteykaya, konsertə getmək və s. Digər qrup isə, asudə vaxt anlayışını, həm əyləncə, həm də öyrənmək, mənimsəmək kimi qavrayır.
Bu gün gənclər vaxt bölgüsünü çox vaxt düzgün edə bilmirlər. Bir çox gənclərimiz vaxtlarının çoxunu internet - klublarda - sosial şəbəkələrdə, müxtəlif çat saytlarında yazışmaqla və müxtəlif kompyuter oyunları ilə, çayxanalarda müxtəlif oyunlar oynamaqla vaxtlarını keçirməyi üstün tuturlar. Və ya dostlarla bir yerə yığışaraq, söhbətləşmək (qiybətləşməklə), deyib - gülmək, əylənməklə öz vaxtlarını keçirirlər.
Sosial şəbəkələrdə keçirilən
vaxt itirilmiş zamandır?!
Günümüzün bəlası sayılan sosial şəbəkələr gənclər üçün real təhlükəyə çevrilib. Bunu ekspertlər də təsdiq edir ki. sosial şəbəkələrdə zaman keçirən gənclər sonra müxtəlif çətinliklərlə üzləşirlər. Eyni zamanda sosial şəbəkələrdə keçirilən zaman bir növ itirilmiş zaman kimi dəyərləndirilir.
Paytaxt Bakıda apardığımız sorğu zamanı bu sahədə bir sıra maraqlı məqamlar üzə çıxdı: 26 yaşlı Aynur Cəfərova deyir ki, sosial şəbəkələrdə virtual da olsa, canlı bağlantı qurmaq mümkündür: "Şəbəkələrin özəlliklərindən, cəlbediciliyindən biri də məhz budur. Amma təəssüf edirəm ki, bizdə şəbəkələrdən daha çox əyləncə məqsədləri üçün istifadə edirlər. Düşünürəm ki, bunun qarşısını da almaq lazımdır. Təbii ki, əyləncə də lazımdır. Amma daha bu səviyyədə yox. Hesab edirəm ki, şəbəkələrdə təkcə bu cür cılız məqamlarla bağlı deyil, eyni zamanda ciddi və milli məsələlərlə əlaqədar dartışmalar lazımdır. Doğrudur, bu da var. Lakin azdır. Ona görə də bu işdə, xüsusilə də vətənpərvərliyin təbliğində hər birimiz iş görməliyik. Bunu qarşıdakından ummamalıyıq. Fikrimcə, orta məktəblərdə uşaqlara elə dərs keçmək lazımdır ki, onlar böyüyəndə vətənpərvərlik prioritetləri olsun. Əgər kimsə vətəni gerçəkdən sevirsə, o vətəninə xain baxanı bağışlamaz. Bəzən ailələrdə bir-birinə olan sevgidən doğan qısqanclıqdan bir-birlərini öldürürlər. Bax, bu sevgini vətənə də göstərməliyik".
BDU-nun tələbəsi Nüsrət Zeynalov qeyd edir ki, dünya böyük bir pəncərədir. Bu pəncərəyə açılan yol isə internetdir: "İndiki dövrümüzü internetsiz təsəvvür etmək mümkün deyil. O, bütün dünyanı hörümçək toru kimi birləşdirib və bu gün həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Bu da təbii ki, onun geniş imkanları ilə bağlıdır. Gənclər üçün də bu gün internet geniş imkanlar açır və onun imkanlarından faydalanmaq çox əhəmiyyətlidir. Amma baxır necə… Yəni, əsas məsələ internetdən necə istifadə edilməsidir…
Gənclərin bu gün internetə olan marağı çox böyükdür. Bu gün gənclərin çox hissəsinin nəinki asudə vaxtı, hətta gündəlik həyatı internetdə keçir. Əyləncəli saytlar, çatlar, sosial şəbəkələrdən və eləcə də digər internet saytlarından on minlərcə gənc istifadə edir. Gənclərin çox hissəsinin internetdən əyləncə məkanı, vaxt keçirmək üçün bir vasitə kimi istifadə etməsi onlarda vərdişə çevrilib. Onlara heç nə verəsi olmayan vərdişə. İnternetin imkanları təkcə əyləncə ilə, ünsiyyət qurmaqla məhdudlaşmır. İnternetin məlumat toplamaq üçün, dünyagörüşü, intellektual səviyyəni artirmaq üçün, dünyanın hər yerindən yeni informasiyalar əldə etmək üçün, gündəlik bütün xəbərləri izləmək kimi istifadə imkanları da var. Ancaq bu gün bu imkanlardan yararlanan gənclərin sayı elə də çox deyil. "Çünki əyləncə daha maraqlıdır"…
İnternetdən gənclərin bu cür istifadə etməsi onların kitab oxumağına olan marağını da azaldır. Gənclərin çox az hissəsi kitab oxuyur. Təbii ki, əyləncəli internet saytlarına belə həvəs göstərmək, vaxt sərf etmək, gənclərdə biliyə, oxumağa olan marağı azaldır və onlara gələcək həyat üçün heç nə qazandırmır…
Və sonda:
Gələcəyi gənclər müəyyənləşdirir və onun daha yaxşı inkişafı gənclərdən asılıdır. Məhz bu mənada savadlı, bilikli gənc nəslin olması çox vacibdir. Buna görə də hər bir gənc gələcəyini əvvəlcədən düşünməli və vaxtını düzgün dəyərləndirməlidir.
Ədil Ədilzadə
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10