Qarabağ münaqişəsinin həlli üçün "imkan pəncərəsi" açılıb?
11:03 06-11-2013
CƏMİYYƏT
Qarabağ münaqişəsinin həlli üçün "imkan pəncərəsi" açılıb?
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik bildirib ki, "Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bir müddət əvvəl mümkün olmayan "imkan pəncərəsi" açılıb".
C.Uorlik qeyd edib ki, ABŞ bu "imkan pəncərəsinə" inanır: "Biz həmsədrlər vasitəsilə işləmək istəyirik və qarşılıqlı şəkildə sülh prosesini asanlaşdırmaq üçün əlimizdən gələni etməyə hazırıq". Həmsədrin sözlərinə görə, vasitəçilər Azərbaycanda və bundan öncə Ermənistanda keçirilən prezident seçkilərindən sonra yeni imkanlar yarandığını görərək, Prezident İlham Əliyevlə danışıqlar aparıblar və İrəvanda Ermənistan prezidenti Serj Sərkisyanla danışıqlar aparacaqlar: "Hesab edirəm ki, hər iki ölkənin - Azərbaycan və Ermənistanın əhalisi sülhə və əmin-amanlığa layiqdir. Biz buna bir yol tapmalıyıq. Mənim həmsədr kimi bu işi öhdəmə götürməyimin səbəbi sülhə aparan yolu tapmağın mümkünlüyünə əminliyimdir".
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının "Unikal"a dediyinə görə, "Bir daha qeyd edirəm ki, Dağlıq Qarabağ probleminin həlli üzrə ATƏT Minsk Qrupu effektsiz bir quruma çevrilib və onun fəaliyyəti Azərbaycan cəmiyyətini aldatmağa yönəlib. Bu qurum yarandığı andan bu günə qədər yalnız bir işlə məşğul olub: işğal edilmiş Azərbaycan torpaqlarının Ermənistanın nəzarətində qalması müddətini daha da artırmaq. İşğal status-kvosunun qalması isə Ermənistanın maraqlarına xidmət edir və deməli, Minsk Qrupu, əslində, Ermənistanın maraqlarını qorumaqla məşğuldur".
QAT sədri hesab edir ki, "ATƏT-in Minsk Qrupu münaqişənin həlli üçün vasitəçi rolunda çıxş etməliydi, lakin onun çoxillik fəaliyyəti bunu deməyə əsas verir ki, bu qurum Qarabağ probleminin həll edilməməsi üçün yaradılıb. Onlar dəfələrlə bölgəyə səfər edir, telekameraların və mikrofonların qarşısında durub nikbin bəyanatlar verməklə məşğul olurlar, amma gerçəklikdə isə heç nə dəyişilmir. Həmsədrlərin bu dəfəki səfəri də əvvəlki məzmunsuz səfərlərin davamından başa bir şey olmayacaq".
Akif Nağı bildirir ki, "Sözügedən münaqişə ilə bağlı bölgədə yaranmış situasiya Azərbaycan tərəfinə tamam başqa perspektivlər açır. Biz çalışmalıyıq ki, Dağlıq Qarabağ probleminin həllini Birləşmiş Millətlər Təşkilatının sərəncamına keçirdə bilək. Bu qurumun hüquqi sənədlər qəbul etməyə və bu sənədlərin realizasiyası üçün səlahiyyətləri mövcuddur. Faktiki olaraq, ATƏT çərçivəsində hərəkət etməklə Qarabağın işğalda qalma müddətinin uzanmasına imkan yaradırıq. Azərbaycanın əldə etməli olduğu digər mühüm məsələ isə vasitəçilik formatının dəyişdirilməsinə nail olmaqdır. Başa düşməliyik ki, vaxt bizim xeyrimizə işləmir. Bu variantların heç biri baş tutmasa, müharibəyə başlamaqdan başqa bir yolumuz qalmır".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun "Unikal"a bildirdiyinə görə, "Azərbaycan cəmiyyəti ATƏT-in Minsk Qrupunun fəlaiyyətinə inanmır. Biz bir müddət əvvəl bu qurumun fəaliyyəti ilə bağlı sosioloji sorğu keçirtdik və məlum oldu ki, respondentlərin cəmi 12%-i müsbət cavab verib, 88% isə Minsk qrupunun fəaliyyətindən narazı qaldığını bildirib. "Minsk qrupunun 3 həmsədr dövlətindən hansının dəyişdirilməsinə ehtiyac var?" sualını cavablandıran respondentlərin 18%-i ABŞ-ın, 27%-i Rusiyanın, 55%-i Fransanın adını çəkib".
Şərq-Qərb Araşdırmalar Mərkəzinin sədri Ərəstun Oruclu da "Unikal"a söylədi ki, "Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından Minsk qrupu heç bir uğur əldə edə bilməyib. Amma nəzərə alsaq ki, Minsk qrupunun özünün formatı belə, münaqişənin həllində bu və ya digər pozitiv addımların atılmasına imkan vermir, əlbəttə ki, ondan çox şey gözləməyə dəyməzdi də.Yəni ki, həmsədirlər formatına biz baxsaq onda görürük ki, iki Qərb ölkəsi var; biri ABŞ, digəri isə Fransa. İkinci tərəf isə Rusiyadır. Şübhəsiz ki, Qafqaz bölgəsində bütün bu təmsilçilərin öz geosiyasi maraqları var. Bu maraqlar da əksər hallarda bir-birinə ziddiyyət təşkil edir. Bu səbəbən də orda hansısa vahid mövqeni gözləmək mənasızdır.Amma onu da qeyd etmək lazımdır ki, atəşkəsin pozulmaması baxımından Minsk qrupu və onun həmsədirləri müəyyən rol oynadılar. Amma təbii ki, gözləntilər daha çox idi və bundan artığı da alınmadı". Ə.Oruclunun fikrincə, hələlik Rusiya güclüdür və bu faktla təkcə Azərbaycan yox, Qərb də hesablaşır".
Adil Hüseynli
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10