Rusiyada neofaşizm baş qaldırır
11:05 06-11-2013
CƏMİYYƏT
Rusiyada neofaşizm baş qaldırır
Sankt-Peterburq polisi “Udelnaya” metrosunda qarışıqlıq yaradan 4 nəfəri saxlayıb. Saxlanılanlar 86-cı polis bölməsinə aparılıb. Rusiya Daxili İşlər Nazirliyi bu məlumat heç bir şərh verməyib.
“Udelnaya” metrosu ətrafında qarışıqlığın olması ilə bağlı məlumatı şahidlər veriblər. Onların sözlərinə görə, həmin ərazidə kütləvi dava olub. Yaralanmış bir nəfərə tibbi yardım göstərilib. Daha sonra millətçi gənclər yaxınlıqdakı bazarda işləyənlərə hücum ediblər.
Şahidlərin sözlərinə görə, kütləvi dava Lesnoy prospektdə də olub. Yaralananlar xəstəxanaya çatdırılıb.
Xatırladaq ki, noyabrın 4-də Moskvada “Rus marşı - rus həmrəyliyi” adlı yürüş-mitinq keçirilib. Yürüş-mitinqə paytaxtın “Lyublino” metrostansiyasının yaxınlığından start verilib. Aksiya iştirakçıları mitinqin keçiriləcəyi “Bratislavksaya” stansiyasının yaxınlığına qədər yürüş ediblər. Paytaxt polisi mitinqin keçirildiyi küçələrdə asayişi qorumaq üçün çevik qüvvələri səfərbər edib. Sayına görə ən böyük mitinq Moskvada olub. Polis mitinqə nazarət etsə də, nümayişçilərin bəziləri polis kordonunu yararaq yaxınlıqdakı parka girə bilib. 50 nəfər polis bölməsinə gətirlib. Əllərində Rusiyada qadağan olunmuş rəmzləri olan bayraqlar olan şəxslər millətçi şüarlar səsləndiriblər.
Tanınmış politoloq Qabil Hüseynlinin “Unikal”a dediyinə görə, “Rusiyada millətçilik dalğasının səngiməməsi və millətçilərin törətdikləri cinayətlərin qarşısının alınmaması ondan xəbər verir ki, baş verən cinayətlər və millətçilərin kütləvi aksiyaları dövlət səviyyəsində sanksiyalaşdırılır. Rusiyanın dövlət məmurları bildirirlər ki, miqrantların hüquqlarının qorunması üçün lazımi tədbirlər görülür. Amma gerçəklik tamam başqa maraqlardan xəbər verir. Miqrantlara qarşı vəhşilikləri bəziləri Dövlət Dumasının pəncərəsindən, bəziləri isə Kremlin qüllələrindən seyr edirlər. Mən belə başa düşürəm ki, Rusiya hökuməti miqrantsız Moskva formalaşdırmaq niyyətindədir və bu siyasəti heç bir sağlam və normal məntiqə əsaslanan motivi yoxdur”.
Politoloqun sözlərinə görə, şimal qonşumuzda millətçiliyin bu formada baş qaldırması son nəticədə Rusiya cəmiyyətinin əleyhinə işləməyə başlayacaq: “Tarixən həmişə belə olub. Alman faşizminin ən böyük zərəri birinci növbədə Almaniyanın özünə dəydi. İndi isə rus ayısı baş qaldırıb. Bu ayının hədəfi miqrantlar olsa da, son nəticədə rus cəmiyyəti və rus dövlətçiliyi ziyan görəcək”.
Politoloq hesab edir ki, “Azərbaycan tərəfi öz soydaşlarının hüquqlarını və fiziki salamatlığını qorumaq üçün hərəkətə keçməlidir. Azərbaycan hökuməti Rusiyanın müvafiq dairələri ilə danışıqlara başlamalı və bu vəhşiliyin qabağı təcili şəkildə alınmalıdır”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun “Unikal”a söylədiyinə görə, “Bütün dünyada miqrantların hüquqları Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnaməsi əsasında tənzimlənir. Amma bu da məlumdur ki, Rusiya dövləti həmişə beynəlxalq hüquq normalarına məhəl qoymaması ilə ad çıxardıb. Bu gün Moskvada, Peterburqda baş verən cinayət hadisələri sübut edir ki, Rusiyada beynəlxalq hüquq normaları ayaqlar altına atılıb tapdalanır”.
Partiya sədri hesab edir ki, “Rusiyada miqrantlara qarşı dövlət səviyyəsində başlanan qanlı kampaniyanın və nifrət siyasətinin kökündə sadə bir həqiqət durur. Rusiya cəmiyyəti ölkədə fundamental demokratik dəyişikliklərin başlanmasını tələb edir. Putin hakimiyyəti isə cəmiyyətin diqqətini bu tələblərdən yayındırmaq üçün millətçilik dalğasını qızışdırıb ictimai rəyi aldatmaqla məşğuldur. Bəzi analitiklər hesab edirlər ki, bu kampaniya Azərbaycanı Avrasiya İttifaqına və gömrük birliyinə sürükləmək üçün təşkil edilib. Lakin başqa millətlərin nümayəndələrinin də təzyiqlərə məruz qalması bu fikri təsdiq etmir. Görünən budur ki, Rusiya hakimiyyəti demokratik və açıq cəmiyyətin formalaşacağından ehtiyat edir və əlaltından indiki hadisələri təşkil edərək bu qaçılmaz prosesin qabağını almaq niyyətindədir”.
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10