Paytaxt ekologiyasının bitməyən dərdləri
11:08 06-11-2013
CƏMİYYƏT
Paytaxt ekologiyasının bitməyən dərdləri
Əlişah Rəcəbovun gəlişindən sonra Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin işində nə dəyişib?
Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentindəki rəhbər dəyişikliyindən sonra bu qurumun fəaliyyətindən narazılıqlar başlayıb. Əsas narazılıq müəllifləri isə sahibkarlardır.
İddialara görə, departamentin əməkdaşları paytaxtın müxtəlif ərazilərindəki qapı-pəncərə sexlərinə baş çəkərək, onların fəaliyyətinə qanunsuz müdaxilələr etməyə cəhd göstərirlər. Məqsəd isə belə sahibkarlıq obyektlərindən “haqq” almaqdır. Departamentin yeni rəhbəri Əlişah Rəcəbov fəaliyyəti dövründə adıçəkilən qurumun iş prinsiplərində kəskin dönüşün yaradılması gözlənilsə də bu baş verməyib və adıçəkilən qurum Bakıda yaşıllıqların qorunması əvəzinə tamam fərqli istiqamətdə fəaliyyət göstərir.
Xatırladaq ki, Əlişah Rəcəbov Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru təyin edilənədək 1 saylı Lənkəran Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin müdiri işləyib. Yəni o, bu sahədə təcrübəli şəxs sayılır; bununla belə, istər Bakıda yaşıllıqların məhv edilməsi, ağacların kəsilməsi, onların yerlərində ticarət və iaşə müəssisələrinin açılması hallarının davam etməsi, istərsə də departament əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qapı-pəncərə sexlərinə və bu kimi obyektlərə qanunsuz müdaxilə hallarına yol verməsinə dair məlumatların gəlməsi düşündürücü məqamlara yol açır.
İddialara görə, departamentin müəyyən əməkdaşları daha çox öz səlahiyyətlərindən istifadə etməklə sahibkarlıq müəssisələrindən və digər obyektlərdən “haqq” almaqla məşğuldur. Qurumun yeni rəhbərliyinin isə bu cür hallara qarşı təsirli tədbirlər görməməsi maraq doğurur.
Xatırladaq ki, hələ bu ilin yayında iyunun 10-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti rəsmi məlumat yaymışdı və həmin məlumatda deyilirdi: “Bakının bir sıra rayonlarında, xüsusilə də Xətai rayonu ərazisində yaşıllıqların qanunsuz məhv edilərək yerində tikinti işlərinin aparılması, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinin pozulması barədə şikayətlər araşdırılıb. Araşdırma zamanı paytaxt ərazisində ağacların kəsildiyi faktları aşkar olunub, ekoloji qanunvericiliyin pozulduğu, ətraf mühitin mühafizəsinə cavabdeh olan Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti əməkdaşlarının ətraf mühitin mühafizəsinə dövlət nəzarətinin qeyri-qənaətbəxş səviyyədə təşkil edildiyi bilinib. Son vaxtlar adıçəkilən departamentlə bağlı şikayətlərin gəlməsi qurumda aparılan islahatın, kadr dəyişikliklərinin əslində departamentin işini daha da mürəkkəbləşdirib. Və belə düşünməyə əsas verir ki, biz paytaxt ekologiyasının yüksək səviyyədə qorunmasının təmin ediləcəyi günü hələ çox gözləməli olacağıq.
Seymur Quliyev
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10