Görünmədən görmək, ölmədən dönmək
11:11 06-11-2013
CƏMİYYƏT
Görünmədən görmək, ölmədən dönmək
Hər bir xalqın qələbəsi onun həm sözünün, həm də silahının qələbəsidir
"Görünmədən görmək, ölmədən dönmək!" - orduda olan hər kəs bu şüarın kəşfiyyatçıların devizi olduğunu yaxşı bilir. Mən kəşfiyyatçı deyiləm, sadəcə, ehtiyatda olan zabit kimi ürəyimdə saxladığım və beynimdə yazdığım bu fikri məhz indi üçün saxlamışdım. Görüşünüzə hər həftə yeni yazılarla, yeni nəfəslə gələcəyəm...
Hər bir xalqın qələbəsi onun həm sözünün, həm də silahının qələbəsidir... Söz ordunu qələbəyə doğru aparan ən güclü silahdır. Bu silahın uçuş radiusu mənzillə hesablanmır, onun saatda və saniyədə uçuş sürətini ölçən cihaz da yoxdur. Ölkənin diplomatiyası isə səni qələbəyə aparan yolun kompasıdır. Ölkəni qələbəyə aparan amillər çoxdur, amma hər şey bir yoldan - nizami ordunun mövcud olmağından keçir. Bizim üçün ən vacib və son illərdə nail olduğumuz ən yüksək uğur hərbi qüdrətin əsas amillərindən olan nizami ordu anlayışıdır.
Müstəqilliyimizin ilk illərində sistemsiz, dağınıq bölmələrdən ibarət olan Azərbaycan Ordusu bu gün peşəkarlardan ibarətdir və bu peşəkarlıq da ordumuzun xarici dövlətlərin Silahlı Qüvvələri ilə hərbi əməkdaşlığında, NATO və digər beynəlxalq hərbi qurumlarla keçirilən birgə təlimlərində, habelə zabitlərimizin xaricdə təhsillərini təkmilləşdirməsində təcəssüm edir.
Nizami ordunun formalaşmasında digər vacib amil isə nümunəvi zabitlərə malik olmaqdır. Ordunun gücü təkcə onun silahlanmasında deyil, həm də hərbi hissələrdə əsgər və zabitlərin bir-birinə inam və sevgisindədir.
Hansısa yazıçının əsərində oxuduğum bir ifadə heç vaxt yadımdan çıxmır: "Öz zabitinə sevgisi olmayan əsgər yetim əsgərdir". Yetim əsgərdə isə mübarizə ruhu olmaz. Zabit öz səmimi, mükəmməl insani və hərbi keyfiyyətləri ilə əsgərlərinin hörmətini qazanmalıdır. Yalnız bu zaman əsgər komandirinin üstünlüyünə qəlbən, öz məhəbbəti ilə əmin ola bilər, əgər şərait tələb edərsə, onun üçün zabitlə birgə əzab çəkmək asan olur. Əsgər sağlam düşüncə ilə başa düşməlidir ki, güclü komandirin itkisinə, onun həlak olmasına qətiyyən yol vermək olmaz. Əlbəttə, bunu başa düşən əsgər bayrağı nəinki əlinə, hətta dişinə tutaraq qələbədən-qələbəyə aparacaq...
Mənfur niyyətlə vətənimizə qarşı köklənmiş düşmənin bütün dağıdıcı zərbələrinin qarşısını almaq, istiqamətindən və adından asılı olmayaraq, ona öldürücü zərbəni vurmaq bizim əsgəri borcumuzdur, torpaq andımızdır! Yatmadan, gözlərini qırpmadan müdafiə xəttində elə ruh yüksəkliyində olmalısan ki, düşməni məhv edə biləsən. Çünki onun bir adı var: düşmən!
Və sonda şəxsən öz fikrimi və öz ifadəmi bu cümlələrlə bitirib xalqımıza qarşı köklənmiş ölüm zərbələrinə sipər olan Azərbaycan əsgərini, zabitini bağrıma basıb gələn yazıyadək deyirəm: "Düşmən əsgəri aclıqdan, susuzluqdan, ruhsuzluqdan, sabaha olmayan inamından ölür, mən isə Azərbaycanıma, onun ordusuna sevgimdən!
Od-alov içində də xoşbəxt görünmək istəyən Azərbaycan əsgəri! Torpağımıza, müstəqilliyimizə, bayrağımıza qarşı tuşlanan gülləyə, topa, raketə sinəsini sipər edən məğrur əsgərim... Unutma ki, istər döyüş bölgəsində, istərsə də arxa cəbhədə bizə tuşlanan silahı və onun sahibini "görünmədən görmək, ölmədən dönmək" şüarı ilə məhv etmək sənin andın olmalıdır !"
P.S. Yazılarımda da, qəlbimdə də, arzularımın fövqündə də hamıdan öndə Azərbaycan əsgəri dayanır. Sıralama sayına, rütbəyə görə zabit birinci, əsgər isə ikincidir. Məsuliyyətinə görə də birinci zabitdir. Amma mənim ürəyimdə niyə məhz əsgər birincidir? Çünki əsgəri güclü olmayan dövlətin zabiti də gücsüzdür. Məhz buna görədir ki, cənab Ali Baş Komandanın da hərbi hissələrdə düzülüş önündə ilk sözü bu olur: "Salam, əsgər !"
Salam, əsgər! Sənə - Azərbaycanı üfüqdən-üfüqə aparan məğrur və möhtəşəm gücə - qələbə əzmi, görünmədən görmək, ölmədən dönmək arzulayıram.
Aqil Alışov
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49