Azərbaycanda həbsxana divarları arasında kəsilən nikahlar
11:12 06-11-2013
CƏMİYYƏT
Azərbaycanda həbsxana divarları arasında kəsilən nikahlar
Məhkumlar arvadları ilə neçə dəfə görüşə bilir?
Atalarımızdan evliliklə bağlı çox qədim və maraqlı deyimlər qalıb. Məsələn, deyirlər ərlə arvadın kəbini elə göydə kəsilir. Yaxud ərlə arvadın torpağı bir yerdən götürülür. Görünür, kəbini elə göydəcə kəsilən, torpaqları bir yerdən götürülən cütlüklərdən biri də ötən həftə ailə həyatı quran ömürlük məhkum Sergey Strelyayevlə Lyudmila Aleynikovadır.
Ailə həyatı quran bu cütlük Azərbaycanda bir ilkə imza atdılar. Onlar Qobustan qəsəbəsində yerləşən həbsxanasında nikaha girdilər. Həbsxanada baş tutan nikah mərasimi ömürlük həbs cəzası çəkənlər arasında bir ilk olsa da, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili üzrə İdarənin rəisi vəzifəsini icra edən Rafiq Ramazanov çıxışında məhkumlar arasında xeyli sayda nikah bağlayanların olduğunu deyib. O, Azərbaycanda məhkumların saxlanılması üçün hər bir şərait yaradıldığını onların yalnız azadlıq hüququndan məhrum edildiklərini söyləyib.
Amma bu nikah mərasimi cəmiyyətdə birmənalı qarşılanmadı. Cinayət törətmiş, 2 nəfəri qətlə yetirmiş məhkuma belə bir mərasimin keçirilməsini alqışlayanlardan çox qınayanlar oldu.
Buna baxmayaraq, hər iki tərəf onların bundan sonrakı ailə həyatlarının necə və harada davam etdirəcəkləri ilə bağlı suallara cavab axtarmağa başladı.
modern.az saytı həmin suallara aydınlıq gətirməyə çalışıb. Bu günə kimi neçə belə məhkuma nikah kəsildiyini öyrənməyə çalışsaq da, azadlıqdan məhrum edilənlərin də sadə vətəndaş kimi nikaha girdiyini və bu səbəbdən də belə bir statistikanın aparılmadığını öyrəndik.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov həbsxanada nikaha girən gənc ailəyə hər bir şərait yaradıldığını söylədi. O, məhkumlara cəzaçəkmə müəssisəsinin ərazisində dörd saatadək qısamüddətli və bir gündən üç günədək uzunmüddətli görüşlər verildiyini bildirdi.
M.Sadıqovun sözlərinə görə, qanunla nəzərdə tutulmuş qısamüddətli görüşlər qohumlarla və başqa şəxslərlə cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı ilə verilirsə, məhkumlara uzunmüddətli görüşlər birlikdə yaşamaq hüququ ilə yaxın qohumlarla (arvadı, əri, valideynləri, babası, nənəsi, övladları, övladlığa götürənləri və götürdükləri, nəvələri, qardaşları və bacıları) verilir: "Məhkumların xahişi ilə uzun müddətli görüşlər qısa müddətli görüşlərlə əvəz edilə bilər. Onlara müsbət təsir göstərə biləcək digər şəxslərlə görüş üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən şərait yaradılır. Ağır xəstəliyi ilə əlaqədar həyatı üçün təhlükə yaranan məhkumun yaxın qohumlarına ona baş çəkmək üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən imkan yaradılır".
Cəza növlərinə görə, görüş vaxtlarının dəyişdiyini deyən Mehman Sadıqovun sözlərinə görə, məhkumlar bütün qaydalara riayət etdikdə onların əlavə görüşlər verilməsi də təmin olunur. Məsələn, ağır cinayətlərə görə ilk dəfə məhkum olunmuşların il ərzində qısa müddətli iyirmi dörd görüş və uzun müddətli üç görüş almaq hüququna malikdirlər: "Məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda və əməyə vicdanla yanaşdıqda, cəza müddətinin ən azı üçdə birini çəkdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda məhkumlar əlavə olaraq il ərzində qısa müddətli on iki görüş və uzun müddətli üç görüş almaq hüququna yiyələnirlər.
Ciddi rejimli cəzacəkmə müəssisələrində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər il ərzində qısa müddətli on iki görüş və uzun müddətli iki görüş almaq hüququna malikdirlər. Xüsusi rejimli cəzaçəkmə müəssisələrində isə bu görüşlərin sayı azalaraq altı görüş və ikiyə düşür. Məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda və əməyə vicdanla yanaşdıqda isə cəza müddətinin ən azı yarısını çəkdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər.
Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin saxlanılması şərtləri isə tamam fərqlidir. Belə ki, bu məhkumlar il ərzində qısa müddətli altı görüş və uzun müddətli iki görüş almaq hüququna malikdirlər.
Məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda və əməyə vicdanla yanaşdıqda, təyin olunmuş cəzadan ən azı on il keçdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda məhkumlar əlavə olaraq ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda iyirmi beş manatadək miqdarda pul xərcləyə bilərlər.
Görüşlər isə il ərzində qısa olaraq iki görüş və uzun müddətli bir görüş almaq hüququna malikdirlər".
Gültəkin Ələsgər
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49