Üzü üzlər dəyişən adamlar nəyi gözləyirlər?
10:49 07-11-2013
CƏMİYYƏT
Üzü üzlər dəyişən adamlar nəyi gözləyirlər?
Cənubi Qafqaz dünyanın ən gərgin və çoxsaylı münaqişələrin düyünləşdiyi bir bölgə olduğundan buradakı ölkələrin hakimiyyətləri daxili və xarici siyasətdə büdrəməməklə, zəif düşməməklə yanaşı, geosiyasi konyukturu da anlamaq məcburiyyətindədir.
Əks təqdirdə olayların məcrasını təxminləmək çətinləşir.
Azərbaycan və Gürcüstandan fərqli olaraq, Ermənistan yaxın perspektivdəki yolunu aydın gördüyünü bəyan edir.
O yol illərdən bəri dəyişməyən idefiks - Rusiyaya sədaqət və sonsuz itaətdir.
Ermənistan prezidenti Serj Sarkisyanın komandasındakı adamlar, onun əlaltıları və nazirləri fürsət düşən kimi Moskvanın şəninə mədhiyyələr söyləyir, "ikitərəfli münasibətlərin inkişafı"ndan danışırlar.
Belə başabəla moizələrə indi Ermənistanın təhlükəsizliyinin təminatı ilə bağlı məqamlar da əlavə olunur.
Yəni ermənilərə başa salmağa çalışırlar ki, Rusiya olmasa, Ermənistan da olmaz.
Ermənistanın baş naziri Tiqran Sarqsyan maraqlı açıqlama ilə çıxış edib: "Blokadada olan və qonşuluğunda düşmən mövqe tutmuş dövlətlər yerləşən Ermənistan üçün təhlükəsizliyin təminatı ilə yanaşı, Rusiya ilə münasibətlərin sıx olması xüsusi əhəmiyyət kəsb edir. Ermənistan bu məsələləri unuda bilməz və unutmamalıdır da".
Ermənistanın hakimiyyət dairələri bir məqamı nəzərə almırlar: cəmiyyət və Avropa ilə ABŞ-ın məntiqi ilə yaddaşı var.
Yerevandakı Serj Sarkisyan hakimiyyətinin mənsublarının tam əksəriyyətindən fərqli olaraq həmin məntiq bir para suallara cavab arayır.
T.Sarqsyanın sözlərinin məntiqini və arqument bazasını bir kənara qoyaq. Bəyəm 3,5 ildən bəri Avropa Birliyinə assosiativ üzvlüklə bağlı Brüssellə danışıqlar aparan Yerevan deyildi və Ermənistan "blokadada, əhatəsində düşmən qonşuların olması"nı unutmuşdu?
Bir anlıq təsəvvür edək ki, gerçəkdən də, Rusiya olmadan Ermənistan yaşaya bilməz. Belədirsə, Serj Sarkisyan hakimiyyəti nə üçün illərdən bəri Avropa Birliyi ilə danışıqlar aparır, "Avropa ailəsinə qoşulmaq istəyi" ilə qıvrıldığını bəyan edirdi ki, indi də "qəflətən" huşsuzluq və yaddaşsızlıq mərəzlərinə tutularaq niyyətlərini, əməllərini və istəklərini "unudur"?
Absurd, sarsaq vəziyyətdir. S.Sarkisyanın hakimiyyəti, deyəsən, belə davranışın elə idarə etdiyi ölkə üçün təhlükə olduğunu dərk etmir. Nədən ki, dünya birliyi gözlərin içinə baxaraq aldatmaq olmaz və bu, praktiki baxımdan mümkün də deyil.
Ermənilər Rusiyaya güvənirlər. Di gəl ki, Rusiya Yerevanı həmişə və hər yerdə qorumaq, müdafiə etmək, yol verilmiş məşum səhflərin acı fəsadlarını aradan qaldırmaq imkanlarda deyil. Buna ermənilərin yaxın və uzaq tarixi ilə yanaşı, müxtəlif millətlərin yaşadıqları da dəlalət edir.
Sarkisyan da dünya birliyini aldadacağını, sonra da Rusiyanın kölgəsində gizlənə biləcəyini düşünürdü. Elə indi də rəsmi Yerevan belə davranır. Yanlışlıqla yanaşı, ermənilərin özlərinə qarşı yönəlmiş təhlükədir.
Yəni Ermənistanın başlıca təhlükə mənbələri blokada və ya ətrafındakı "düşmən" qonşuları yox, rəhbərliyi, dövləti idarə edən rejimdir.
Səbəb çox sadədir: Ermənistanı fəaliyyəti büsbütün yalanlardan ibarət insanlar idarə edirlər. Serj Sarkisyanın hakimiyyəti vətəndaşları ilə yanaşı, dünya birliyini, "hami" dediyi və təhlükəsizliyinin təminatı sandığı Rusiyanı aldadır.
Hakimiyyətdəkilər bir-birlərini də aldadırlar. Yalanlar, saxtakarlıqlar və illüziyaların gerçək kimi qələmə verilməsi prosesi onillər əvvəl başladığından Yerevandakı siyasət mənsubları belə davranış olmadan varlıqlarını təsəvvür belə, etmirlər.
Levon Ter-Petrosyanın dönəmində yalanlar millətçi və revanşist ruhda idisə, Robert Köçəryanın hakimiyyəti illərində iqtidarın davranışı daha da aqressivləşdi. Serj Sarkisyan prezident "seçiləndən" və çoxsaylı saxtakarlıqlar nəticəsində hakimiyyətə gələndən sonra isə yalanların sayı ilə bahəm, miqyası da artdı.
Məhz belə yalanlara əsaslanan və fırıldaqlar üzərində qurulmuş siyasətin nəticəsində Ermənistan indi bütün sahələrdə zəif, rəqabətə davamsız, bərbad gündədir. Dövlət idarəetməsinin rıçaqları de-yure və de-fakto üçün dünyagörüşü kriminal düşüncə çərçivəsində olan insanlardadır. Bu səbəbdən də onlar ölkəni məhz həmin düşüncə ilə idarə edir, xarici və daxili siyasətin oriyentirlərini müəyyənləşdirirlər.
Rusiyaya gəldikdə isə, Moskva lap istəsə belə, Ermənistanın təhlükəsizliyini təmin edə bilməz. Axı xarici problemlər və çağırışlar daxildəki təhlükəli durumun, yarıtmaz vəziyyətin metastazlarıdır.
Bəhs etdiyimiz səbəblərdən də Yerevan hakimiyyətindəki marionetka fiqurlardan hər hansı biri, o cümlədən Tiqran Sarqsyan "Ermənistanın təhlükəsizliyinin təminatı ilə bağlı problemləri var və Rusiyanın maraqlarını nəzərə almamaq mümün deyil" deyəndə, yəni təhlükəsizliyin təminatı məsələlərində Ermənistanın əsas tərəfdaşının Rusiya olduğuna aşkar işarə vuranda onlar yalan danışırlar.
Amma bu yalanda həqiqət çoxdur və paradoksal vəziyyət müşahidə olunur.
Ermənistanın baş naziri son çıxışlarında açıq deyir ki, ölkə öz təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Bunu bacarmadığından ermənilər problemin həllini özlərindən daha güclü saydıqları dövlətə – konkret halda Rusiyaya – həvalə ediblər.
Yerevandakı proseslərin total əksəriyyəti Rusiyanın nəzarətində olduğundan Sarkisyan rejiminin təhlükəsizlik məsələlərindən danışaraq Avropa Birliyinə xitab etməsi və yardım gözləməsi az da olsa, siyasi gəlir əldə etmək istəyi, Qərbin sərt təzyiqləri ilə üzləşməmək cəhdidir.
Eyni zamanda, ermənilər güclü saydıqları hamini daha güclü hesab etdikləri yeni himayədarla dəyişmək istəyirlər.
Avropa Birliyinin emissarları ilə aparılan danışıqlar, ABŞ-a yönəlmiş açıqlamalar və vədlər təbii ki, Rusiyanı qıcıqlandırır. Moskva ermənilərin siyasətindəki dəyişiklikləri və "yeniliklər"in əslində Yerevanın son vaxtlar bir qədər zəifləmiş saydığı Rusiya ilə yanaşı, Qərbdən də yararlanmaq cəhdlərinin olduğunu anlayır. Bu səbəbdən də Moskva ermənilərə təzyiqlərini artırıb və "güclü sayılandan daha güclü bilinənə keçid" prosesinin qarşısını alıb.
Ermənistanın cəhdləri əslində puç da olmalıydı. Voleybol Federasiyasının sədri postuna seçkilərə görə ölkənin Təhlükəsizlik Şurasının iki üzvü küçə qadınları kimi söyüşürsə və az qala bir-birlərini vurmağa hazırlaşırsa, başqa nə isə gözləməyə dəyməz. Bu adamlar Ermənistanın təhlükəsizliyinin təminatı barədə düşünmək əvəzinə öz maraqlarının təminatını ön plana çəkirlər və daha da varlanmağa çalışırlar.
Eynən mənsub olduqları hakimiyyətə rəhbərlik edən Serj Sarkisyan təki.
Sarkisyanın dəstəsindəki insanlar öz əqli bacarıqlarını, intellektual qabiliyyətlərini, dəyərlər səviyyəsini və mənəviyyatlarını bildiklərindən səlahiyyətlərinin əksəriyyətini iki saxta seçki nəticəsində prezidentliyini hələ də davam etdirən Serj Sarkisyanı lider sayırlar. Onlar yaramazlıq, mənəviyyatsızlıq, əxlaqsızlıqlarında səmimidirlər.
Di gəl, bu səmimiyyətin nəticəsində Ermənistan əvvəlkindən də ağır vəziyyətə düşərək uçuruma doğru sürətlə yuvarlanırsa – saxtakarlıq belə, Sarkisyan hakimiyyəti üçün tərif sayıla bilər.
Ermənistandakı hakim dəstə iqtidar funksiyalarını yerinə yetirə bilmir, seçki rəqabəti və qanunlarının aliliyi prinsiplərinin nə olduğunu anlamadıqlarından hansısa diskussiyaya qatılmır, indiki yaşam tərzini və malik olduqlarını qorumaq üçün ölkənin maraqlarını güclü saydığı qüvvəyə peşkəş edir.
Zəncirvari reaksiya başlanır, daha böyük təhlükələr yaranır, mexanizmlər darmadağın olur və təhlükəsizliyini təmin etməyə çalışan Ermənistan köləliyini daha da ağırlaşdırır.
Ermənistan çox ağır vəziyyətdədir. Ermənilərin çoxu bunu dərk edir, amma təhlükəli situasiyadan çıxmaq üçün konkret, real addımlar atmağa qorxurlar.
Üzü üzlər dəyişən insanlar nəyisə gözləyirlər.
Amma nəyi?
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49